Trampın Ankarada qalacağı otel bəlli oldu: Zirehli şüşələr və xüsusi divarlar...
Ankarada keçiriləcək tarixi NATO Sammiti öncəsi təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb. ABŞ Prezidenti Donald Trampın paytaxtda qalacağı otel tamamilə bağlanaraq xüsusi mühafizə altına alınıb.
Yenicag.az xəbər verir ki, ABŞ lideri və onun nümayəndə heyəti üçün Ankaradakı “JW Marriott” oteli ayrılıb.
Artıq otelin ətrafı dəmir maneələrlə əhatələnib, əraziyə giriş-çıxışlar tamamilə məhdudlaşdırılıb. Bölgədə polis və xüsusi təyinatlı qüvvələr gücləndirilmiş iş rejiminə keçib, piyada və nəqliyyatın hərəkəti ciddi yoxlamalardan sonra təmin olunur. Bu yüksək təhlükəsizlik rejimi sammitin sonuna qədər fasiləsiz davam edəcək.

Donald Trampın Türkiyədə istifadə edəcəyi rəsmi helikopterinin xüsusi yük təyyarələri ilə hissələr halında ölkəyə gətirildiyi bildirilir. Bundan əlavə, ABŞ-yə məxsus iki yüksək zirehli mühafizə avtomobili artıq Ankaraya çatdırılıb. ABŞ Prezidentinin sabah saat 14:00-da paytaxta enəcəyi gözlənilir.
Trampın oteldə qalacağı 190 kvadratmetrlik xüsusi prezident otağı (Presidential Suite) tamamilə yenidən quraşdırılıb. Otağın bütün şüşələri gülləkeçirməz zirehlərlə əvəzlənib, divarları isə potensial bombalı hücumlara və partlayış dalğasına dözümlü materiallarla gücləndirilib.

Otel daxilində və ətrafında mühafizəni birbaşa ABŞ Məxfi Xidməti (Secret Service) və Türkiyənin təhlükəsizlik qrupları birgə həyata keçirir.
Artıq NATO-nun rəsmi heyəti və texniki personalı da sözügedən otelə yerləşməyə başlayıb. Binaya daxil olan hər bir şəxs xüsusi rentgen (X-ray) cihazlarından keçirilir.
Məsimə Məmmədova













