Xamneyinin dəfni reallıqdır, yoxsa SEPAH-ın tamaşası? — “Tezliklə aksiyalar başlayacaq”
“Xamneyinin vida mərasimindəki kütlə SEPAH tərəfindən səhnələşdirilmiş səhnədir”
Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Bakir Həsənbəyli bildirib.

Politoloq İranın ali dini lideri Əli Xamneyi ilə vida mərasimində geniş kütlənin toplanmasının SEPAH tərəfindən planlaşdırılmış bir səhnə olduğunu qeyd edib:
“Avtoritar rejimlərdə xalqın rəhbərə olan münasibəti əslində rejimin yaratdığı mühitə adekvat münasibətdir. Rejim İranda çox ciddi şəkildə kütləyə təsir etmək, kütləni idarə etmək imkanlarına sahibdir. Teokratik rejimlərdə vətənpərvərlik belə bu sistemlə idarə olunur. Bu baxımdan düşünmürəm ki, ali dini liderin dəfnində yığılmış kütlə əsasən sevgidən yaranan kütlədir. Müxtəlif mənbələr bu dəfndə 35 milyon nəfərin iştirak etdiyini bildirirlər. Bu, SEPAH-ın onilliklər ərzində yaratdığı qorxunun nəticəsidir. O baxımdan Xamneyinin dəfnindəki iştirak SEPAH tərəfindən səhnələşdirilmiş tamaşadır.
Bu istiqamətdə deyə bilərəm ki, xalqın narazılığının artması tendensiyasını, eyni zamanda orada toplanan kütlənin qısa müddət sonra ABŞ-İsrail münaqişəsinin davam edəcəyi təqdirdə teokratik rejimə qarşı aqressiyasının şahidi olacağıq. Bu da onu göstərəcək ki, əslində o kütlə dini liderə olan sevgidən deyil, qorxu və xofdan yaradılan kütlədir. İqtisadi məngənədə olan kütlənin öz rəhbərini sevməsi absurddur və biz yaxın zamanda İrandakı növbəti aksiyalarda bunun şahidinə çevriləcəyik”.
Nurlan Cəfəri













