Trampın İrandakı "yeni hakimiyyət" siyahısı: Yeni İran strategiyasının DETALLARI
“Onların hamısı nüvə danışıqları zamanı Qərblə eyni masa arxasında əyləşmiş, daha praqmatik xarici siyasət xəttini müdafiə edən fiqurlardır”.
Bunu Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Emir Abbas Gürbüz deyib.

O, ABŞ Prezidenti Donald Trampın İranda yeni hakimiyyətdə görmək istədiyi şəxslərin adlarının yer aldığı siyahı ilə bağlı fikirlərini bölüşüb.
Siyasi şərhçi bildirib ki, siyahıdakı şəxslərin hamısı İranın “danışıla bilən” qanadını təmsil edir:
“Onların hamısı nüvə danışıqları zamanı Qərblə eyni masa arxasında əyləşmiş, daha praqmatik xarici siyasət xəttini müdafiə edən fiqurlardır. Birbaşa və açıq görüşlərin keçirilməsi isə çox da mümkün görünmür. Həm ABŞ-də, həm də İranda daxili siyasi vəziyyət buna imkan vermir. Lakin Oman kanalı kimi dolayı əlaqə xətləri hələ də açıqdır.
Əsas məqsəd İranın nüvə proqramını dondurmaq, eyni zamanda regiondakı vəkillik (proksi) şəbəkələrini zəiflətmək ola bilər. Bunun üçün isə rejimin tam çökdürülməsi mütləq deyil. Yəni, xaricdən şahın geri qaytarılması variantından daha çox, rejim daxilindəki daha mülayim fiqurlar vasitəsilə müəyyən keçid prosesinin planlaşdırıldığı müşahidə olunur”, – deyə o bildirib.
Xatırladaq ki, sözügedən siyahıda İranın hazırkı prezidenti Məsud Pezeşkianın, İranın sabiq prezidenti, islahatçı qanadın qurucu isimlərindən biri və yəhudi elitası ilə yaxın əlaqələrə malik Məhəmməd Hətəminin, İranın sabiq prezidenti, islam inqilabının qurucu isimlərindən sayılan Həsən Ruhaninin, hazırkı XİN rəhbəri Abbas Araqçının və İranın sabiq XİN rəhbəri, Rusiya və Çinə qarşı sərt mövqeyi ilə seçilən qərbyönümlü siyasətçi Cavad Zərifin adları yer alıb.
Nəsimi Ələsgərli













