Trampın komandası Uitkoffdan NARAZIDIR – SƏBƏB

media-hightechnic-468x90

 

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi, daşınmaz əmlak üzrə keçmiş hüquqşünas və investor Stiv Uitkoffun Rusiyanın və İranın da daxil olduğu əsas rəqib ölkələrlə apardığı danışıqlar Ağ Ev daxilində narahatlıq yaradıb.

Yenicag.az xəbər verir ki, Bu barədə “New York Post” nəşri məlumat yayıb.

Uitkoffun Rusiya prezidenti Vladimir Putinlə şəxsi səviyyədə görüşməsi və bəzi hallarda Kreml tərcüməçilərinin xidmətindən istifadə etməsi ABŞ-nin uzunmüddətli diplomatik prosedurlarının pozulması kimi qiymətləndirilir. Məlumata görə, Uitkoff sonuncu görüşündə Putini müşayiət edən ekspertlərsiz, təkbaşına qarşılayıb və onu “köhnə dost” kimi salamlayıb.

Putin həmin görüşdə tək olmayıb – onu köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyev müşayiət edib. Ekspertlər bildirir ki, belə görüşlərə təcrübəli mütəxəssislərin cəlb olunması vacibdir və Uitkoffun bu qaydadan yayınması danışıqların effektivliyinə zərər vurur.

Eyni zamanda, Uitkoffun Putinin ritorikasını təkrarlaması, Ukrayna mövqeyinə isə biganə qalması tənqidlərə səbəb olub. Ukrayna məsələsində xüsusi nümayəndə funksiyasını general Kit Kelloq yerinə yetirdiyi üçün Uitkoff bu sahədəki detallar üzrə məlumatlı deyil. Prezident Volodimir Zelenski də Uitkoffun bəzi açıqlamalarının Rusiya narrativlərinə xidmət etdiyini bəyan edib.

Uitkoffun fəaliyyəti Yaxın Şərqdə də birmənalı qarşılanmır. O, İsrail və HƏMAS arasında atəşkəs və girovların azad olunması üçün vasitəçilik edib və Trampın prezidentliyə başlayacağı günün ərəfəsində iki aylıq atəşkəs əldə olunub. Lakin bu atəşkəsin uzadılması mümkün olmayıb. İranla nüvə sazişinin yenidən nəzərdən keçirilməsi istiqamətindəki səyləri də nəticəsiz qalıb.

İsrailli ekspertlər onun səylərini qiymətləndirsələr də, diplomatik təcrübənin olmaması Uitkoffun qərarlarını şübhə altına salır. Təl-Əvivdə yerləşən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun əməkdaşı Denni Sitrinoviç bildirib ki, İranla danışıqlar çox mürəkkəbdir. O, ümid edir ki, Uitkoff komandasını genişləndirəcək, çünki bu qədər mürəkkəb məsələləri bir nəfərin daşıması real deyil.

Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton isə Uitkoffun İran nümayəndələri ilə apardığı danışıqları “vaxt itkisi” adlandırıb. “Reuters” agentliyinin məlumatına görə, Uitkoffun Rusiya-Ukrayna müharibəsinin nizamlanması ilə bağlı fərdi çıxışları və təşəbbüsləri nəinki Ağ Evdə, həm də Respublikaçılar Partiyası daxilində narazılıqla qarşılanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600