Trampın "təzyiq altında diplomatiya" oyunu: İran küncə sıxışdırılır?

media-hightechnic-468x90

“Mövcud vəziyyət nə müharibə, nə də tam sülh mərhələsi kimi xarakterizə oluna bilər”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

media-whatsapp-image-2026-04-15-at-10-15-21

Politoloq ABŞ və İran arasında müharibənin mümkün ikinci dalğa ehtimalı haqqında danışıb:

“ABŞ–İran qarşıdurması klassik müharibə ilə diplomatiyanın paralel aparıldığı mürəkkəb mərhələyə daxil olub. Bir tərəfdən Donald Tramp administrasiyası danışıqların ikinci raunduna açıq olduğunu bildirir, digər tərəfdən isə hərbi və iqtisadi təzyiq alətlərini, xüsusilə də Hörmüz boğazı üzərindən tətbiq olunan dəniz blokadasını gücləndirir. Deməli, Vaşinqton “təzyiq altında diplomatiya” strategiyasını seçib. Əsas məqsəd İranı maksimal güzəştlərə məcbur etməkdir. ABŞ-ın uranın zənginləşdirilməsinin uzunmüddətli dayandırılması və nüvə infrastrukturunun ləğvi kimi tələbləri faktiki olaraq İranın strateji suverenliyini məhdudlaşdırmağa yönəlib. İran tərəfinin daha qısamüddətli kompromis təklif etməsi isə göstərir ki, tərəflər arasında etimad böhranı hələ də aradan qalxmayıb. Bu etimadsızlığın kökündə 2018-ci ildə ABŞ-ın nüvə sazişindən çıxması dayanır. Hərbi eskalasiya riski hələ də yüksək olaraq qalır. İranın İnqilab Keşikçiləri Korpusunun blokadanı atəşkəsin pozulması kimi qiymətləndirməsi və ABŞ-ın sərt cavab bəyanatları istənilən an qarşıdurmanın yenidən silahlı fazaya keçə biləcəyini göstərir. Bu baxımdan, atəşkəs olduqca kövrəkdir və siyasi razılaşma əldə olunmasa, uzunömürlü olmayacaq”.

Politoloq ikinci dalğa müharibənin olma ehtimalının qaldığını, amma daimi sülhün də mümkünlüyünü diqqətə çatdırıb:

“Digər mühüm məqam Hörmüz boğazı üzərində nəzarət məsələsidir. Bu boğazın blokadası artıq regional deyil, qlobal iqtisadi problemə çevrilib. Enerji qiymətlərinin artması və təchizat zəncirlərinin pozulması beynəlxalq ictimaiyyəti də prosesə daha aktiv müdaxilə etməyə vadar edə bilər. Bu isə münaqişənin beynəlmiləlləşməsi riskini artırır. Eyni zamanda, ABŞ-ın müttəfiqləri ilə münasibətlərində də müəyyən çatlar müşahidə olunur. Böyük Britaniyanın blokadaya qoşulmaması və NATO daxilində fikir ayrılıqları göstərir ki, Vaşinqtonun siyasəti tam konsensus yaratmır. Bu isə ABŞ-ın beynəlxalq dəstəyini zəiflədən amil kimi çıxış edə bilər. Nəticə etibarilə, mövcud vəziyyət ‘nə müharibə, nə də tam sülh’ mərhələsi kimi xarakterizə oluna bilər. Əsas maneə isə nüvə məsələsi və tərəflərin maksimalist mövqeləridir. Əgər kompromis tapılmazsa, mövcud gərginlik ya yenidən hərbi toqquşmaya çevriləcək, ya da uzunmüddətli, lakin qeyri-sabit bir qarşıdurma formasında davam edəcək”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05