ABŞ-ın sabiq dövlət katibi, yevangelist dairələrinin əsas nümayəndəsi, “Kyivstar” mobil operator şirkətinin direktorlar şurasının üzvü Mayk Pompeo Donald Trampın Ukrayna ilə bağlı sülh planını təqdim edib. Tramp isə planı nə təsdiq, nə də inkar edib.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Wall Street Journal” nəşri məlumat yayıb.
Qəzet yazır ki, burada Ukrayna üçün 500 milyard dollarlıq “Lend-Lease” proqramının elanı; Ukraynanın əldə edə və istifadə edə biləcəyi silah növlərinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırılması və Amerikanın enerji ehtiyatlarından istifadə edilməsinə icazə məsələləri yer alıb.
Məlumata görə, bu, ABŞ iqtisadiyyatını gücləndirəcək, qiymətləri aşağı salacaq və Putinin büdcəsini azaldacaq.
“Bundan əlavə, planda Səudiyyə Ərəbistanı və İsraillə əlaqələri bərpa etmək və İrana qarşı birgə fəaliyyət göstərmək mövzusu da yer alıb. Bu, Yaxın Şərqi sabitləşdirəcək və səudiyyəlilərin Rusiyanı qlobal enerji bazarlarından sıxışdırmaq məsələsinə ABŞ-yə qoşulmasına imkan yaradacaq”, – deyə qeyd edilib.
Mayk Pompeonun Trampın sülh planı ilə bağlı irəli sürdüyü müddəalara gəlincə isə nəşr əlavə edib ki, Rusiyaya qarşı real sanksiyalar tətbiq olunması burada prioritet məsələ elan olunub.
“Bayden administrasiyasının sanksiyaları kağız üzərində yaxşı səslənsə də, boşdur. Məsələn, Xəzinədarlıq Rusiya banklarını, əgər onların əməliyyatları Kremlin döyüş maşını üçün kritik gəlir mənbəyi olan enerji istehsalı ilə bağlıdırsa, onları ABŞ sanksiyalarından azad edir. Bu isə aradan qaldırılmalıdır”, – deyə nəşr yazır.
KİV həmçinin vurğulayıb ki, Ukrayna da ən qısa zamanda NATO-ya üzv olmalıdır.
“Rusiya bu şərtləri yerinə yetirsə, Qərb tədricən sanksiyaları ləğv edəcək. Ukrayna həm NATO, həm də Aİ-yə daxil olan kimi onlar tamamilə ləğv ediləcək. Rusiyaya qarşı sanksiyaların ləğvinin əsas şərti Ukraynanın NATO və Aİ-yə üzvlüyü və Ukraynaya 5-ci maddənin şamil edilməsidir”, – deyə məlumatda qeyd olunub.
Nəşr, eyni zamanda, onu da diqqətə çatdırıb ki, bir çox inkişaf etmiş ölkələrdə qiymət artımı səngisə də, Rusiyada qiymət vəziyyəti getdikcə çətinləşir:
“Rusiya Ukraynada müharibəni davam etdirdiyi üçün ölkə daxilində də problemlərlə – inflyasiya ilə üzləşir. Ötən il Rusiya Mərkəzi Bankı qiymətlərə nəzarət etmək üçün əsas faiz dərəcəsini iki dəfə artırdı. Bununla belə, inflyasiya artmaqda davam edir və bu ay 9% təşkil edib. Müxtəlif sənaye sahələrində mal və xidmətlərin qiymətləri artıb: kartofdan (bu il 91% artım) ekonom sinif uçuşlarına qədər (artım 35%)”.
Rafi Müslümov
www.yenicag.az