Trampın ümidi Çin liderinə qalıb: Putini razı sala biləcəkmi? - ŞƏRH
“Hazırda həm hərbi, həm iqtisadi baxımdan Rusiyanı Çinin təsir dairəsinə düşən ölkələrdən hesab etmək mümkündür”.
Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.
O, ABŞ Prezidenti Donald Trampın Çin rəhbəri Si Cinpinlə planlanan görüşü barədə bəyanatını şərh edib.
Belə ki, Tramp həmin görüş barədə sualları cavablandırarkən Rusiya Prezidenti Vladimir Putinə təsir edə biləcək şəxsin Si Cinpin olduğunu bildirib.
Siyasi şərhçi mövzu ilə bağlı fikirlərini səsləndirərkən deyib ki, Tramp, Rusiya-Ukrayna müharibəsini tezliklə dayandıracağını düşünürdü:
“Hesab edirdi ki, Putin onun tələb və istəklərini nəzərə alaraq Ukrayanaya hücumu dayandıracaq və sülh prosesinə dəstək verəcək. Lakin Rusiyanın işğalçılıq siyasəti davam edir və Putin Ukraynanın kapitulyasiyasından başqa heç bir şərti qəbul etmək istəmir. Bu tələblər Trampı bir daha düşünməyə məcbur etdi. Ukrayna de-fakto itirdiklərindən de-yure də imtina edərsə bu, Rusiyanın postsovet məkanında yenidən imperiya arzusuna yaşıl işıq deməkdir.
Rusiyanı ram edəcəyini düşünən Trampın bütün çalışmaları cavabsız qalır. Ona görə də indi Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətindədir. İlk addımlar atıldı və Rusiyanın iki ən böyük neft şirkətinə – “Rosneft” və “Lukoyl”a, eləcə də onların törəmə şirkətlərinə qarşı sanksiya tətbiq edildi.
Eyni zamanda Tramp Budapeşt sammitini ləğv etməsi haqqında qərar verdi və Putinlə görüşdən imtina etdi. Bununla da ABŞ tərəfindən Rusiyaya qarşı sərt addımlar atılmasına start verildi. Lakin bununla bərabər hələ də Rusiya ilə ciddi qarşıdurmaya getmək istəmir”.
R.Becanov hesab edir ki, Çin lideri Si Cinpinlə görüşdə ondan bu müharibəni dayandırmaq üçün Putinə çağırış etməsini istəyəcək:
“Çin liderinin bu istəyi məlumat formasında Rusiya tərəfinə çatdıracağı təbiidir. Lakin bu məlumat müharibəni bitirmək üçün deyil, məlumat xarakterli olacaq. Ukrayna müharibəsi fonunda ABŞ Rusiya qarşıdurması Çinin maraqlarına uyğundur. Çin dünyanın iki böyük dövlətlərinin qarşıdurmasından istifadə edib özünün “səssiz işğalı”na davam edir. ABŞ-nin dünyadakı müxtəlif qarşıdurma və müharibələrə başının qarışması Çinin öz təsir gücünü artırmasına ən yaxşı vasitədir.
Bu gün dünyanın ən böyük müharibəsi Rusiya-Ukrayna müharibəsidir. Həmin müharibə isə Rusiya ilə ABŞ-ni üz-üzə qoyur. Ona görə də Çin liderinin bu məsələdə konkret təsir və ya təzyiq etməsi gözlənilən deyil. Lakin doğrudan da Çin də bu müharibənin bitməsini istəyərsə, onun Rusiyaya təsir imkanları daha genişdir. Hazırda həm hərbi, həm iqtisadi baxımdan Rusiyanı Çinin təsir dairəsinə düşən ölkələrdən hesab etmək mümkündür”, – deyə o bildirib.
Nəsimi Ələsgərli