Trampın Yaxın Şərq turnesi BAŞA ÇATDI – 3 trilyonluq qazanc İrana QARŞIDIR?
“Sözün düzü, 3 trilyon 200 milyard dollarlıq yatırım olduqca böyük rəqəmdir. Nəhəng bir məbləğ və iri həcmli sərmayə axınıdır. Amma, əslində, bu sərmayənin müəyyən bir hissəsinin bəlkə də gözəçarpacaq qədərinin İranın sayəsində reallaşdığını deyə bilərik”.
Bunu Yenicag.az-a açıqlamasında cənubi azərbaycanlı analitik Mehdi Nəimi deyib.
O, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq turnesi çərçivəsində imzaladığı böyük sazişlərdən, eləcə də ABŞ-nin regional siyasətinin detallarından söz açıb:
“Bəlkə də burada belə bir sual ortaya çıxır: İranın buradakı rolu nədir? Bu böyük yatırımın detallarına baxdıqda görürük ki, onun böyük bir qismi silah alış-verişinə ayrılıb. Yəni ABŞ tərəfindən Körfəz ölkələrinə satılan silahlar, əsasən, İranın yaratdığı qorxu fonunda həyata keçirilir. İran burada bir növ “xan” kimi, ya da daha dəqiq desək, bir kukla kimi təqdim olunur və bu qorxu görüntüsü üzərindən bölgədə bir təhlükə obrazı yaradılır. ABŞ və müttəfiqləri də deyirlər ki, “biz olmasaq, İran sizi parçalayar, məhv edər, bölgədə sabitliyi dağıdar”. Nəticədə Körfəz ölkələri məcbur olub milyardlarla dollar sərmayə xərcləyir, ABŞ-dən silah alırlar”.
Onun sözlərinə görə, təxminən yarım əsrə yaxındır ki, bölgədə bu siyasət davam edir:
“Bu yalnız ABŞ-a aid deyil, çünki Avropa ölkələri və hətta Rusiya da bu siyasətdən istifadə edir, faydalanır. Demək istədiyim budur ki, bu sistem qazanc gətirən bir sistemdir və İran da bu mexanizmin mühüm hissəsidir. Ona görə də İranı bu vəziyyətdən çıxarmaq, onu dağıtmaq istəməzlər, onun yerinə daha sərfəli bir alternativ gətirməzlər – ta ki, əmin olsunlar ki, yeni sistem daha çox qazanc gətirəcək”.
M. Nəiminin fikrincə, hazırkı İran rejimi bu dövlətlərə müxtəlif yollarla qazandırır:
“Bəzən dolayısı yollarla, bəzən isə birbaşa. Elə bu səbəbdən də onların ağlına gəlmir ki, İranı sıradan çıxarsınlar və bu “hörmət süfrəsini” ortadan yığışdırsınlar. Uzun sözün qısası, İrana qarşı yürüdülən siyasətlərə bir qədər də İsrail prizmasından baxmaq lazımdır. Yəni İsrailin təhlükəsizliyi təmin olunsun və İran tərəfindən ona heç bir təhlükə gəlməsin – hansı ki, bu onlar üçün kifayətdir. Qalan məsələlər – insan haqları, demokratiya, vətəndaş azadlıqları və s. önəmli deyil. Onların danışdığı bu mövzular isə sadəcə görüntü və boş sözlərdir. Heç biri bir vətəndaşın gözü üçün aşiq deyillər. İstər o vətəndaş demokratik sistemdə yaşasın, istərsə də diktatorluq rejimində – Tramp kimi siyasət adamlarını bu məqamlar maraqlandırmır”.
Rafi Müslümov