Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) onlayn formatda növbəti Qurultayı keçirilib.
Yenicag.az xəbər verir ki, qurultay öz işinə Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olan Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə, Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsilə başlayıb.
Təşkilatın sədri Çingiz Bayramov TUMİB-in yaranmasından, fəaliyyətindən, gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən danışıb. O, təşkilatın yeni dönəm fəaliyyətinin qurulmasında, rəhbərliyində gənclərin aktiv çalışmasının vacibliyini qeyd edib.
Daha sonra Qurultayda təşkilatın sədrliyinə, İdarə Heyətinə və Nəzarət Təftiş Komissiyasına seçkilər keçirilib. Təşkilatın yeni sədri Dokuz Eylül Universitetinin dokturantı Tural Əfəndiyev seçilib. Yeni sədr TUMİB-i daha da irəli aparmağa, yeni üzvlər cəlb etməyə, maraqlı və önəmli layihələr icra etməyə çalışacağını, təşkilatın bundan sonra da Azərbaycan dövlətinin inkişafına çalışacağını, dövlətçiliyə sadiq olacağını bəyan edib.
www.yenicag.az