Yenicag.az regionda baş verənləri «Oğuz» Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, politoloq Dr. Vuqar Zifəroğlu ilə müzakirə edir.
– Rusiya Suriyaya niyə girdi və ya əvvəldən orada idimi?
– “Ərəb baharı”ndan sonra Suriyada baş verən proseslərdə Rusiya hər zaman sözügedən ölkədə öz aktivliyini diplomatik-siyasi yollarla olsa da göstərməyə çalışıb. Rəsmi Moskva Əsəd iqtidarını müdafiə edib və İranla Rusiya bu məsələdə prinsipial olaraq Suriyaya tam siyasi dəstək veriblər. Suriya ruslar üçün ona görə vacibdir ki, Tarsus limanı, şimal qonşumuzun Yaxın Şərqdə mövcudluğunun son istinad nöqtəsidir. Və təsəvvür edin ki, Əsəd rejimi hər hansı bir qərbpərəst bir siyasi qüvvə ilə əvəz edilsə, o zaman bu avtomatik olaraq rusların həmin limandan çıxması, bu hal isə Rusiyanın bütünlükdə Yaxın Şərq siyasətinin iflası demək olar. Suriya eyni zamanda ruslar üçün hər zaman pronsipial əhəmiyyət daşıyan isti dənizlərə çıxış qapısıdır. İmperialist hədəfləri və gələnəyi olan Rusiya üçün bu da son dərəcə mühüm faktordur. Digər faktor iqtisadi amillə bağlıdır. Suriya potensial qaz ixracatşısıdır və Qərbin orada mövqelərinin güclənməsi, İranın Vyana razılaşmasından sonra bazara girməsi ilə çətin olan vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Yəni bütün bunlar hamısı Suriyada Rusiyanın varlığın hələ oradakı qarşıdurma başlayandan qiyabi olsa belə mövcudluğunu şərtləndirirdi. Sadəcə indi Moskva artıq daha konkret və hərbi dəstəyi ifadə edən addımlar atmağa başlayıb.
– Obama ilə Putinin arasındakı son görüşdən sonra Yaxın Şərqdə vəziyyət hansı istiqamətdə dəyişəcək?
– Hər halda yaxşı istiqamətdə dəyişmədiyini görürük. İranın Vyana razılaşmasından sonra bölgədəki nüfuzunu qaldırması, eləcə də Rusiyanın konkret hərbi cəhətdən bölgədə aktivliyini artırması, Türkiyədə baş verənlər, Suriya, Yəmən və Livan böhranı – bütün bunlar yaxın gələcəkdə daha ciddi proseslərə şahid olacağımızı xəbər verir.
– Məkkədəki faciə üzərindən İran-Səudiyyə Ərəbistanı arasındakı soyuq müharibə nədən xəbər verir?
– Mina faciəsi sadəcə olaraq bu qarşıdurmanın bir daha açıq şəkildə ifadə edilməsinə sadəcə bir bəhanə oldu. İranla Səudlar arasında soyuq müharibə uzun illərdir ki, davam edir və bunun ərəb-əcəm tarixi rəqabətindən doğan bir gələnəyi, eləcə də məzhəbsəl və siyasi-ideoloji əsasları var. Bu baxımdan hər şeyi Minada baş berən faciə ilə də əlaqələndirmək düzgün olmazdı. Əslində İran və Səudiyyə Ərəbistanı indiki halda bütün cəbhələrdə mübarizə aparır, istər informasıya, istər regionda silahlı təşkilatlara yardım edilməsində. Hər iki tərəf regionda maraqlarını qorumaq üçün açıq şəkildə mübarizədədir. Bu sadəcə olaraq daha aktiv fazaya məhz “ərəb baharı”ndan sonrakı proseslər nəticəsində daxil oldu. Baş verənlərin nəticəsində İran ətrafında şiə hilalı formalaşdırmağa müvəffəq oldu. Vyana razılaşmasından sonra isə Qərblə əlaqələrin yeni mərhələyə qədəm qoyması ümumiyyətlə ərəb liqasında birmənalı qarşılanmadı. Ardınca Yəmən hadisələri və Ənsərullaha İranın açıq dəstəyi artıq bu qarşıdurmanı daha aktiv fazaya keçirdi. Hesab edirəm ki, biz qarşıdurmanı hələ artan istiqamətdə müşahidə edəcəyik. Suriyada baş verənlər, eləcə də Livandaki siyasi böhran onu sübut edir ki, İran öz maraqlarından asanlıqla vaz keçməyəcək və ərəblər öz mövqelərini bərpa etmək istəyirlərsə daha aktiv fəaliyyətə keçməyə məcbur olacaqlar.
– Türkiyədə yaşanan terror olaylarını türk hökumətinin Suriya siyasətinə adekvat cavab saymaq olarmı?
– Bəli, olar. Və bu təkcə Suriya deyil, ümumiyyətlə Yaxın Şərq siyasətinə də bir cavabdır. Amma burada daxildəki prosesləri də gözardı etmək düzgün olmazdı. Yəni Türkiyənin öz daxilində də kifayət qədər ciddi faktorlar var ki, onlar seçkiqabağı gərginliyin daha da artmasına təkan verən amillərdir. Burada biz həm “paralel yapı” adı ilə tanınan Gülənçi-nurçu qruplaşmaları və HDP-yə qorxu yolu ilə olsa belə noyabrın 1-də səs artırmağı qarşısına məqsəd qoyan separatçı kürd qruplaşmalarını əsas kimi göstərə bilərik. Ümumiyyətlə AKP iqtidarının daxili siyasətdə yanlışları bu günki daxili problemin yaşanmasında ciddi rol oynayıb. Hesab edirəm ki, qarşıdan gələn parlament seçkilərinə qədər Türiyədəki gərginlik səngiməyəcək. Burada əsas hədəf təkcə Türkiyəni daxili problemləri ilə məşğul edərək bölgədə daha aktiv rol almalarını əngəlləmək deyil, eyni zamanda, bir daha təkrar edirəm, seçkinin nəticələrinə təsir etməkdir.
Günel Nazim /YeniCag.Az