!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk dövlətlərinin koronavirusla mübarizə HƏMRƏYLİYİ: Dünya üçün NÜMUNƏVİ ƏMƏKDAŞLIQ

!Reklam – Yazi

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin prezidentlərinin, videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə koronavirus pandemiyasına qarşı mübarizədə səylərin birləşdirilməsi imkanları geniş müzakirə olunub.

Azərbaycan prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü əsasında baş tutan Zirvə görüşü bir neçə aspektdən diqqəti cəlb edir.

Əvvəla, qeyd olunmalıdır ki, dünyanı bürümüş koronavirus pandemiyası dalğasında müxtəlif dövlətlərin iştirak etdikləri çoxsaylı formatların iştirakçıları hər hansı formada təmasdan yayındıqları və ya buna imkan tapmadıqları halda, Türk Şurasına üzv ölkələrin liderləri infeksiya təhlükəsinin aradan qaldırılması istiqamətində genişspektrli müzakirələr apararaq, vəziyyətdən birgə çıxış yolu axtarmağın zəruriliyini göstərdilər.

Digər tərəfdən, Zirvə görüşü bütün dünyaya nümayiş etdirdi ki, Türk dövlətləri bütün sahələr üzrə effektli əməkdaşlıq modeli qurduqları kimi, koronavirus pandemiyasının vüsət aldığı analoji vəziyyətlərdə də bir araya gələrək, təhlükənin aradan qaldırılması istiqamətində ortaq mövqe sərgiləmək qabiliyyətindədirlər.

Zirvə görüşündə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev də Türk dövlətləri arasında əməkdaşlığın nümunəvi xarakter aldığını vurğulayaraq, ortaq soykökünə malik ölkələrin xüsuilə, mövcud şəraitdə bir arada olmalarının vacibliyini bildirib:

“Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir. Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır.
Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır”.

Dövlət başçısı koronavirus təhlükəsinin ilk mərhələsində Azərbaycanın həyata keçirdiyi zəruri qabaqlayıcı tədbirlərə toxunaraq, ölkə əhalisinin sağlamlığının qorunması məqsədilə məhdudlaşdırıcı qaydaların tətbiq olunduğunu diqqətə çatdırıb:

“Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atmışdır. Məhdudlaşdırıcı tədbirlər yaranmış şəraitə uyğun aparılmışdır. Mənim Sərəncamımla bu ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə aprelin 20-dək dayandırılmışdır. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınmış və ya ləğv edilmişdir.

Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilmişdir. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılmış, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edilmişdir. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılmışdır. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunur. Bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verilir”.

Prezident İlham Əliyev koronavirusla mübarizə çərçivəsində Azərbaycanla Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında yüksək səviyyədə əməkdaşlığın qurulduğunu, ölkəmizdə bu çərçivədə həyata keçirilən işlərin ÜST tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib:

“Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də mənə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir.

Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayır. Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Mart ayının 13-də Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 müraciəti Fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalamışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndiririk”.

Azərbaycan prezidenti ölkədə səhiyyə sisteminin inkişaf etdirilməsinə yönəlik görülən işlər sayəsində çox ciddi uğurların əldə olunduğunu bildirib:

“On altı il ərzində Azərbaycanın səhiyyə sistemində köklü işlər görülmüşdür, həkimlərin peşəkarlıq səviyyəsi yüksəlmişdir, 750-dən çox səhiyyə ocağı tikilmiş və ya tam təmir olunmuşdur. Hər il Azərbaycanda 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir.

Koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Bu günlərdə 575 çarpayıdan ibarət olan, ölkəmizin ən müasir və “Yeni klinika” adlanan xəstəxanası onların ixtiyarına verilmişdir. Bu ilin mart ayında ölkəmizin 3 şəhərində üç yeni xəstəxana istifadəyə verilmişdir. Onların ümumi çarpayı sayı 500-dən çoxdur. Bu xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verilmişdir. Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur.

Hazırda dünyada tibbi ləvazimatların və avadanlıqların alınması problemə çevrilmişdir. İstehsal olunan avadanlıqlar və ləvazimatların satılması dövlətlər tərəfindən məhdudlaşdırılmışdır. Ona görə də daxili istehsal ehtiyacı yaranmışdır. Daxili tələbatı ödəmək üçün aprel ayının əvvəlində ölkəmizdə operativ şəkildə tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başlamışdır”.

Dövlət başçısı ölkədə koronavirusla mübarizədə əsl fədakarlıq nümunəsi göstərən həkimlərin riskli fəaliyyətinin dövlət tərəfindən layiqincə qiymətləndirildiyini deyib:

“Həkimlərimizin və tibb işçilərimizin koronavirus xəstəliyinə qarşı mübarizədə xidmətlərini yüksək qiymətləndiririk. Koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən qayğının təzahürüdür”.

Azərbaycan prezidenti bildirib ki, koronavirus pandemiyasının vüsət aldığı ilk dönəmdə vəziyyəti düzgün qiymətləndirən ölkə hökuməti xarici ölkələrdəki vətəndaşlarımızın geri qaytarılması üçün bütün zəruri addımları atıb. Dövlət başçısı Azərbaycanda koronavirusa yoluxma hallarının aşkarlanması məqsədilə aparılan testlərin sayının artırıldığını, ölkəmizin bu göstərici üzrə dünyada 30-cu yerdə qərarlaşdığını vurğulayıb:

“On beş mindən artıq Azərbaycan vətəndaşı müxtəlif ölkələrdən, o cümlədən dövlət hesabına təşkil olunmuş çarter reysləri vasitəsilə təxliyə edilmişdir. Ölkəyə qaytarılmış bütün vətəndaşlarımız dövlət hesabına 4 və 5 ulduzlu mehmanxanalarda, xüsusi karantin zonalarında yerləşdirilmişdir. Eyni zamanda, birinci Avropa Oyunları zamanı açılmış Atletlər kəndində də karantinə alınmış şəxslər yerləşdirilir.

İndiyə kimi ölkə üzrə 60 minə yaxın test keçirilmişdir. Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır. Aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdəyik. Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılmışdır”.

Prezident İlham Əliyev koronavirus pandemiyasının yaratdığı vəziyyətdə iqtisadiyyatın və vətəndaşların müəyyən çətinliklərlə üzləşdiyini vurğulayaraq, dövlətin bu istiqamətdə də lazımi tədbirlər gördüyünü qeyd edib:

“Sirr deyil ki, koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına zərbə vurmuşdur. Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və həm də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 2,5 milyard manat və ya təqribən 1,5 milyard dollar vəsait ayrılmışdır. Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti Tədbirlər Planı hazırlamış və təsdiq etmişdir.

Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, görərik ki, 600 minə yaxın insan bu vəziyyətdən daha çox əziyyət çəkir. Sahibkarlara müraciət olunmuşdur ki, iş yerləri ixtisar edilməsin. Qırx dörd min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək. Həmçinin dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaqdır. Bu proqramlar, ümumilikdə, 600 minə yaxın insanı əhatə edir”.

Prezident İlham Əliyev çıxışında Azərbaycan xalqınını koronavirus infeksiyası ilə mübarizədə əldə etdiyi nəticələri cəmiyyətdə olan həmrəyliyin nümunəsi kimi dəyərləndirib:

“Mənim təşəbbüsümlə Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilmişdir. Hazırda bu fonda köçürülmüş ianələrin həcmi 110 milyon manatdan və ya 65 milyon dollardan artıqdır. Dövlət vəsaiti ilə bərabər, ayrı-ayrı şəxslərin, sahibkarların və təşkilatların fonda könüllü ianəsi həm də böyük rəmzi məna daşıyır. Bu, Azərbaycan cəmiyyətində olan həmrəyliyin nümunəsidir”.

Dövlət başçısının Zirvə görüşündəki çıxışında səsləndirdiyi fikirlər, eyni zamanda, ölkədə koronavirus təhlükəsinin tam aradan qaldırılması istiqamətində atılan qəti addımlar qarşıya qoyulan məqsədin mütləq gerçəkləşəcəyini söyləməyə tam əsas verir. Bunun üçün ən böyük zəmin isə getdikcə daha da güclənməkdə olan Dövlət-Xalq birliyidiir.

“Yeni Çağ” Analitik Qrupu

www.yenicag.az

799
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv