Türk ölkələrinin təhsil nazirləri Bakıda
“Türkdilli ölkələrlə əməkdaşlığın daim yüksələn xətlə inkişaf etdirilməsi Azərbaycan dövləti üçün həmişə mühüm əhəmiyyət daşıyıb”.
Bunu prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşünün iştirakçılarına ünvanladığı müraciətdə deyib.
Artıq üçüncü dəfə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin görüşündə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan olan nümayəndələr iştirak edib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında təhsil sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, əlaqələrin istiqamətləri, mübadilə proqramları, ortaq dərsliklərin hazırlanması kimi mövzularda fikir mübadiləsi aparılıb. Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda təhsil sahəsində əldə edilən uğurlardan danışıb.
“Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsini son dövrdə dünyada o cümlədən bizim yerləşdiyimiz bölgədə və onun ətrafında baş verən silahlı münaqişələr, böhranlar və sabitliyə təhdidlər tələb edir. Bu baxımdan müstəqilliyimizin qorunub saxlanılması, sosial sabitliyin və davamlı iqtisadi inkişafın təmin olunması üçün təhsilin əhatəliliyinin və keyfiyyətinin artırılması, gələcək nəsilləri əsl vətəndaş ruhunda tərbiyələndirilməsi xüsusi əhəmiyyət daşıyır”- deyə təhsil naziri Mikayıl Cabbarov qeyd etdi.
(anspress.com)