Türkiyə 20 döyüş təyyarəsi alır: Güclənmə NƏYƏ HESABLANIB?
“İran–İsrail gərginliyi, bölgədəki təhlükələr və İsraildən gələn bəzi hədələr Türkiyəni hava məkanını daha güclü müdafiə etməyə məcbur edir”.
Bu sözləri Türkiyənin “Eurofighter” təyyarələri alması və bunun səbəblərini Yenicag.az-a şərh edən hərbi ekspert Ramil Məmmədli deyib.

O bildirib ki, “Eurofighter” hazırda Türkiyə üçün ən real və güclü seçimdir:
“Türkiyənin “Eurofighter Typhoon” döyüş təyyarələri layihəsi əslində bir müddət əvvəl də gündəmdə idi. Təxminən 8–10 il əvvəl bu təyyarələrin alınması ilə bağlı təkliflər olmuşdu. Avropa hər zaman Türkiyəni bu təyyarələrlə təmin etməyə hazır olduğunu bildirib. Lakin Türkiyə uzun illərdir ki, ABŞ-dan F-35 və modernləşdirilmiş F-16-ların alınması ilə bağlı danışıqlar aparırdı və bu təyyarələri əldə edəcəyinə ümid edirdi.
Son illərdə bölgədə və dünyada baş verən hadisələr göstərdi ki, Türkiyə öz hava məkanının müdafiəsi üçün daha güclü texnologiyalara ehtiyac duyur. ABŞ-la danışıqlarda çətinliklər yaşandığı üçün Türkiyə Avropa ölkələrinin birgə layihəsi olan “Eurofighter Typhoon” təyyarələrinə yönəldi. Layihəyə Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya kimi ölkələr daxildir”.
Ramil Məmmədli qeyd edib ki, artıq Türkiyə ilkin mərhələdə 20 ədəd təyyarə almağa qərar verib:
“Layihənin ümumi dəyəri 5,4 milyard funt sterlinq (təxminən 7 milyard dollardan çox) təşkil edir. Hər bir təyyarənin dəyəri 270 milyon funt sterlinq və ya 355 milyon dollar civarındadır. Bu, çox bahalı layihə olsa da, Türkiyənin ehtiyac duyduğu güclü aviasiya imkanlarını təmin edir.
İran–İsrail gərginliyi, bölgədəki təhlükələr və İsraildən gələn bəzi hədələr Türkiyəni hava məkanını daha güclü müdafiə etməyə məcbur edir. Türkiyənin öz milli döyüş təyyarəsini (məsələn, KAAN layihəsi) yaratmaq planı olsa da, bu uzunmüddətli və mərhələli bir prosesdir. Bu baxımdan, “Eurofighter” hazırda Türkiyə üçün ən real və güclü seçimdir”.
Səxavət Məmməd












