Türkiyə Gürcüstanla ticarət həcmini 5 milyard dollara çatdırmaq istəyir
Türkiyə Gürcüstanla ticarət həcmini 5 milyard dollara çatdırmaq istəyir.
Yenicag.az xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu deyib.
Gürcü həmkarı ilə görüşdən sonra mətbuata bəyanatla çıxış edən Uraloğlu iki ölkə arasında ticarət dövriyyəsinin 3,4 milyard dollar olduğunu bildirərək: “Hədəfimiz 5 milyard dollara çatmaqdır və bu istiqamətdə qətiyyətlə çalışırıq”, – deyə vurğulayıb.
Uraloğlu Gürcüstandakı türk şirkətlərinin 5,6 milyard dollarlıq 304 layihə həyata keçirdiyini, ölkəyə yatırılan investisiyaların isə 2,2 milyard dollara çatdığını qeyd edib. O, Gürcüstanın Orta Dəhlizdəki strateji roluna da diqqət çəkib.
Nazir iki ölkə arasında viza rejiminin ləğvi və şəxsiyyət vəsiqəsi ilə səyahət imkanının turizm əlaqələrini gücləndirdiyini, 2024-cü ildə 1,4 milyon Gürcüstan vətəndaşının Türkiyəni, 343 min Türkiyə vətəndaşının isə Gürcüstanı ziyarət etdiyini bildirib.