“Suriyanın şimalında keçirilmiş əvvəlki əməliyyatlar növbəti kampaniyanın da uğurla yekunlaşacağını söyləməyə əsas verir”.
Bu fikirləri Türkiyə ordusunun Suriyanın şimalında keçirməyi nəzərdə tutduğu növbəti antiterror əməliyyatı hazırlıqlarını dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu əməliyyatın uğurla tamamlanmasından sonra PKK-nın hərəkət zonası maksimum məhdudlaşacaq:
“Türkiyənin öz sərhədlərinin təhlükəsizliyini qorumaq məqsədilə Suriyanın şimalında yeni əməliyyat hazırlaması təbii və gözləniləndir. Bildiyiniz kimi, Türkiyə həmin bölgədə əvvəl də bir neçə uğurlu əməliyyat keçirərək terrorçu PKK, həmçinin onun Suriya qolu olan YPG-yə ağır zərbə endirmişdi.
Ancaq Türkiyənin indi yeni əməliyyat hazırlığında olması Suriyanın şimalında yaratdığı təhlükəsizlik zolağının genişləndirilməsi zərurətindən irəli gəlir. Çünki Türkiyənin PKK-ya vurduğu sarsıdıcı zərbələr fonunda ABŞ və bir sıra Qərb dövlətləri bu terror şəbəkəsinə hərtərəfli dəstəyini davam etdirməkdədir. Bu isə Türkiyənin təhlükəsizliyini təhdid edən amildir.
Qeyd edək ki, Türkiyənin nəzərdə tutduğu yeni əməliyyatın coğrafiyası daha geniş olduğu üçün hazırlıqlar da buna uyğun aparılır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Məclisdəki çıxışına əsaslanaraq demək olar ki, hazırlıqlar böyük ölçüdə tamamlanıb və əməliyyat yaxın müddətdə başlayacaq.
Türkiyənin Suriyanın şimalında keçirdiyi əvvəlki əməliyyatlar növbəti kampaniyanın da uğurla yekunlaşacağını söyləməyə əsas verir. Eyni zamanda, Türkiyə ordusunun antiterror əməliyyatlarında qazandığı təcrübə də öz sözünü deyəcək. Fikrimcə, bu əməliyyatın uğurla tamamlanmasından və 30 kilometrlik təhlükəsizlik zolağının yaradılmasından sonra PKK-nın hərəkət zonası maksimum məhdudlaşacaq”.
A.Zeynalov
www.yenicag.az