Türkiyə-Yunanıstan xəttində artan GƏRGİNLİK: "Mövcud vəziyyət müharibə ehtimalından çox..."

media-hightechnic-468x90

“İqtisadi çətinliklər, ictimai narazılıqlar və siyasi rəqabət fonunda “xarici təhlükə” obrazının gücləndirilməsi, tarixboyu yunan hökumətlərinə müəyyən üstünlüklər qazandırmış bir üsul kimi bilinir”.

Bunu Yenicag.az-a açıqlamasında Şimali Kipr Türk Respublikasının Prezident Administrasiyasının Vətəndaş Cəmiyyəti Təşkilatları üzrə kommunikasiya koordinatoru Latif Akça deyib.media-xeber-karkasO, Yunanıstan müdafiə naziri Nikos Dendiasın bəyanatlarda sərt ritorikadan istifadə etməsinin Türkiyə ilə mövcud münasibətlərə təsirindən və yayılan müharibə iddialarından danışıb:

“Dendiasın son dövrlərdə səsləndirdiyi açıqlamalar Egey və Şərqi Aralıq dənizində uzun illərdir, davam edən həssas balansı yenidən gündəmin mərkəzinə gətirib. Dendiasın xüsusilə müdafiə doktrinində ciddi dəyişikliklərə gedildiyini, adalara və sərhəd bölgələrinə quru əsaslı raket sistemləri yerləşdirilməsinin planlaşdırıldığını, bunun da Egey dənizinin “raketlərlə qorunması” anlamına gəldiyini deməsi həm Türkiyədə, həm də beynəlxalq arenada güclü reaksiyalar doğurdu. Bu açıqlamalar təkcə hərbi strategiyanın elan olunması kimi deyil, eyni zamanda, Türkiyəyə ünvanlanan bir mesajın tərkib hissəsi kimi qiymətləndirilir. Bundan əlavə, Dendiasın Türkiyənin “Mavi vətən” konsepsiyasını “neo-imperialist iddia” adlandırması diplomatik səviyyədə sözlərin təsirini daha da artırdı və gərginliyi yüksəltdi”.

O qeyd edib ki, sərt reaksiyaların kökündə Egey dənizində illərlə həllini tapmayan suverenlik məsələləri, dəniz sərhədləri, hava məkanı və silahsızlaşdırılmış statusda olan adaların hüquqi-diplomatik vəziyyəti dayanır:

“Bu qədər həssas bir balansda müdafiə naziri səviyyəsində verilən və birbaşa Türkiyəni hədəf alan açıqlamalar gərginliyi yenidən hərbi müstəviyə daşımaq riski yaradır. Raketlərlə “ərazi bağlama” strategiyasından bəhs edilməsi yalnız müdafiə deyil, mümkün bir böhran anında qarşı tərəfin manevr imkanlarını məhdudlaşdırmağa hesablanan addım kimi dəyərləndirilir. Bu isə təbii olaraq tərəflər arasında onsuz da mövcud olan etimadsızlığı daha da dərinləşdirir.

Digər tərəfdən, bir çox analitik hesab edir ki, Dendiasın sərt ritorikası yalnız xarici siyasətə deyil, həm də Yunanıstanın daxili siyasi hesablamalarına xidmət edir. İqtisadi çətinliklər, ictimai narazılıqlar və siyasi rəqabət fonunda “xarici təhlükə” obrazının gücləndirilməsi, tarixboyu yunan hökumətlərinə müəyyən üstünlüklər qazandırmış bir üsul kimi bilinir. Ona görə də bəzi mütəxəssislər bu açıqlamaların real hərbi hazırlıqdan çox, daxili auditoriyanı konsolidasiya etməyə yönəldiyini düşünürlər. Eyni dövrdə Yunanıstanın NATO və Avropa təhlükəsizlik mexanizmləri çərçivəsində Türkiyənin mövqeyi ilə bağlı suallar qaldırması isə bu ritorikanın diplomatik təzyiq aləti kimi istifadə olunduğunu göstərir”.

L. Akça bildirib ki, artan sərt ritorikaya baxmayaraq, hər iki ölkənin rəsmi səviyyədə müharibəyə hazırlıq apardığını göstərən təsdiqlənmiş məlumat yoxdur:

“Nə Ankara, nə də Afina gərginliyi real bir qarşıdurmaya çevirəcək konkret addımlar atmayıb. Hər iki paytaxtdan dialoqun, diplomatiyanın və beynəlxalq hüquq çərçivəsində müzakirələrin davam etdirilməsinin vacibliyinə dair mesajlar verilməkdədir. Bu vəziyyət gərginliyin yüksək, lakin müharibə ehtimalının real anlamda gündəmdə olmadığı bir dövrə işarə edir. Hazırda müşahidə edilən daha çox mövqe tutmaq, güc nümayiş etdirmək, qarşı tərəfi çəkindirməyə çalışmaq və siyasi təzyiq alətlərindən istifadə etməkdir.

Nəticə etibarilə Nikos Dendiasın açıqlamaları Türkiyə–Yunanıstan münasibətlərindəki həssas tarazlığı yenidən sarsıtsa da, mövcud vəziyyət müharibə ehtimalından çox, diplomatik gərginliyin artırıldığı və tərəflərin mövqelərini sərtləşdirdiyi bir proses kimi qiymətləndirilməlidir. Egey və Şərqi Aralıq dənizi hər zaman potensial risklər daşısa da, iki NATO üzvünün birbaşa silahlı qarşıdurmaya sürüklənməsi beynəlxalq balans baxımından çox aşağı ehtimal kimi dəyərləndirilir. Buna baxmayaraq, tərəflərin ritorikanı diqqətlə seçməsi bölgədə sülh və sabitliyin qorunması üçün olduqca böyük əhəmiyyət daşıyır”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa