“Qardaş Türkiyədə dəhşətli zəlzələnin baş verməsindən 1 həftə keçdi. Artıq zəlzələnin iqtisadi nəticələrinin aradan qaldırılması ilə bağlı müzakirələr aparılır”.
Yenicag.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, 13.4 milyon vətəndaşın yaşadığı bölgədə minlərlə binanın, sosial obyektlərin, hospitalların və digər infrastrukturun yenidən bərpası ciddi maliyyə resursları tələb edir:
“İlkin qiymətləndirmələrə görə, zəlzələ Türkiyə iqtisadi artım tempini 2.0 faiz bənd azalda bilər. Bununla yanaşı, 1999-cu ildə Türkiyədə baş verən zəlzələnin miqyası və nəticələri ilə müqayisə göstərir ki, qardaş dövlət bu sınaqdan da zəifləmədən çıxacaq. Belə ki, 1999-cu il zəlzələsi Türkiyə iqtisadiyyatının 35.0 faizinin formalaşdığı ərazilərdə baş vermişdi. Son zəlzələ qardaş ölkə iqtisadiyyatının 10.0 faizinin cəmləşdiyi coğrafiyadadır. Əgər 1999-cu il zəlzələsi daha çox sənayeləşmiş zonada baş vermişdisə, bu dəfə nisbətən az sənayeləşmiş ərazini əhatə edir. Nəhayət, Türkiyə 1999-cu ilə nisbətən daha güclü iqtisadiyyata malikdir.
Əgər 1999-cu ildə Türkiyədə ÜDM-in həcmi 256 milyard dollar idisə, indi bu rəqəm 819 milyard dollardır. Türkiyənin güclü olması Türk dünyasının daha güclü olması anlamına gəlir. Bu baxımdan, Türkiyə iqtisadiyyatının zəifləməməsi, güclənməsi həmçinin Türk dövlətlərinin inkişafı üçün də stimuldur”.
www.yenicag.az