!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə 2023 SEÇKİLƏRİ: Ərdoğana qarşı müxalifət ittifaqında "çat"lar - TƏHLİL

!Reklam – Yazi

Siyasi dinamikanın heç vaxt azalmadığı Türkiyə Cümhuriyyətində 2023-cü ildə keçiriləcək prezident seçkiləri öncəsi qızğın müzakirələr gedir.

2017-ci ilin aprelində ölkə Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı keçirilən referendumda xalq iqtidardakı Ədalət və İnkişaf Partiyası (AKP) ilə onun siyasi ortağı Milliyyətçi Hərəkat Partiyasının (MHP) (“Cumhur” İttifaqı) hazırlayıb millətin iradəsinə təqdim etdiyi dəyişikliklərə “hə” dedi və beləliklə, Türkiyədə yeni siyasi dönəm başladı.

Hələ Rəcəb Tayyib Ərdoğanın 2014-cü ildə prezident seçilməsilə başlanan “siyasi sistem” müzakirə və mübahisələrinin məntiqi nəticəsi olan xalq səsverməsi ilə birlikdə hökumət sistemində də dəyişiklik edildi və ikihakimiyyətlilik faktoru aradan qaldırılaraq icra səlahiyyətləri yalnız prezidentə verildi. Referendumdan bir il sonra – 24 iyun 2018-ci ildə keçirilən prezident seçkilərilə isə Türkiyə Cümhuriyyətində yeni hökumət sisteminə rəsmən keçid edildi.

Sözügedən referendumdan sonra müxalifət cəbhəsi qızğın müzakirələr fonunda prezident seçkilərinə geniş koalisiya halında gedilməsinə qərar verdilər. 5 may 2018-ci il tarixində 4 müxalifət partiyası – Cümhuriyyət Xalq (CHP), İYİ Partiya, Səadət və Demokrat (DP) partiyaları “Millət” İttifaqını yaratdılar. Bu partiyalar prezident seçkilərinə vahid namizədlə deyil, öz namizədlərilə qatıldılar (DP isə İYİ Partiyanın namizədi Meral Akşənəri dəstəklədi).

2018-ci il seçkilərində “Cumhur” İttifaqı qarşısında məğlubiyyətə uğrayan “Millət” İttifaqı 2023-cü il seçkilərinə qızğın hazırlıq içərisindədir. “Cumhur” İttifaqı daxilində açıq şəkildə parçalanmaların olduğu görülməsə də, “Millət” İttifaqında fikir ayrılıqlarının yaşandığı ictimailəşmiş məsələdir. Lakin bu barədə daha sonra.

CHP və İYİ Partiyanın öncülüyündə qurulmuş, Səadət Partiyası ilə DP-nin də qatıldığı “Millət” İttifaqının bu günlərdə tərkibinin genişləndirilməsi də müzakirə edilir. Belə ki, vaxtilə AKP hökumətində böyük vəzifələr tutmuş – 13 il ölkənin xarici işlər və daha sonra iqtisadiyyat naziri olmuş Əli Babacan və xarici işlər naziri, Baş nazir, həmçinin AKP sədri olmuş Əhməd Davudoğlunun yaratdığı DEVA ilə Gələcək Partiyasının “Millət” İttifaqına qatılması üçün danışıqlar aparılır.

Türkiyəli siyasi analitiklərin fikrincə, Babacan və Davudoğlunun sədrləri olduqları partiyalar sözügedən ittifaqa qatılacaqlar. Lakin ittifaq tərkibinin genişlənməsi seçkilərə bir il qaldığı vaxtda özü ilə birlikdə problemləri də ortaya çıxaracaq. Amma öncə “Millət” İttifaqındakı fikir ayrılıqları ilə bağlı.

Son həftə ərzində Türkiyə siyasətində “Millət” İttifaqının qurucu partiyaları olan CHP ilə İYİ Partiya arasında gedən mübahisələr geniş müzakirə edilir. CHP lideri Kamal Kılıçdaroğlunun DEVA sədri Əli Babacanı ziyarəti sırasında dediyi, “Bu ölkəyə demokratiya gələcəksə, bunun yolu Diyarbəkirdən keçər”, – ifadələrinə İYİ Partiya tərəfindən kəskin reaksiya verilib. İYİ Partiya sədrinin müavini Yavuz Ağırəlioğlunun Kılıçdaroğluna, “Demokratiyanın yolu Türkiyə Böyük Millət Məclisindən keçər“, – şəklində cavab verməsi İYİ Partiyanın HDP-yə olan münasibəti fonunda ittifaqdakı çatları dərinləşdirib.

CHP sözçüsünün açıqlamasına görə, Ağırəlioğlunun Kılıçdaroğluna cavabının yaratdığı narahatlıq artıq Meral Akşənərə çatdırılıb. MHP-dən ayrılaraq yaradılan İYİ Partiyanın HDP-yə yanaşması siyasi cameədə bəlli olduğu üçün analitiklər bu məsələnin ittifaqda daha çox fikir ayrılıqlarına yol açacağı qənaətindədirlər. “Millət” İttifaqının genişlənəcəyi təqdirdə, prezidentliyə ortaq namizədin irəli sürülməsi məsələsinin də partiyalararası münasibətləri gərginləşdirəcəyini söyləmək olar.

Çünki bu ittifaq içərisində yer alan və ona qatılacağı gözlənilən partiyaların başında olan şəxslərin siyasi keçmişləri, yüksək dövlət vəzifələri tutmalarından qaynaqlanan ambisiyaları prezidentliyə vahid namizədin irəli sürülməsi məsələsini çətinləşdirəcək. Kənardan, “Yetər ki, Ərdoğan getsin, namizədin kimliyi əhəmiyyətli deyil“, – düşüncəsi formalaşdırmaq istənsə də, partiyadaxili və partiyalararası münasibətləri təhlil edərkən “Ərdoğan getsin” düşüncəsinin ikinci planda qladığını görürük.

“Millət” İttifaqından fərqli olaraq “Cumhur” İttifaqında diqqəti cəlb edən fikir ayrılığı yoxdur. Hakim koalisiya bu halda “Millət”in içərisindəki fikir ayrılıqlarını dərinləşdirməyə daha çox diqqət kəsilib. Bununla belə, müxalifət içərisində solçu partiyalardan ibarət üçüncü ittifaqın yaradılması da müzakirə edilir.

Bundan başqa, 2018-ci ildə CHP-nin prezidentliyə namizədi olmuş və seçicilərin 30,67 faiz səsini toplamış Məmləkət Partiyasının sədri Məhərrəm İncə faktoru da müxalifət ittifaqı üçün əlavə əngələ çevrilə bilər.

Göründüyü kimi, Türkiyə 2023-cü ildə keçiriləcək seçkilərə gərgin ab-hava ilə daxil olmaqdadır. Seçki kampaniyasının başlaması ilə bu gərginliyin pik həddinə çatacağı, ittifaqların tərkibinin dəqiqləşməsilə mübarizənin daha da kəskinləşəcəyini proqnozlaşdırmaq çətin deyil. Ancaq, təbii, son söz yenə türk millətinin olacaq.

“Yeni Çağ” Analitik Qrupu 

www.yenicag.az

1104
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv