Türkiyədən Avropa Parlamentinə sərt reaksiya: “Əsassız və qərəzlidir”
Rəsmi Ankara Avropa Parlamenti tərəfindən Türkiyə ilə bağlı qəbul edilən hesabata kəskin etiraz edib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada sənədin “qərəzli və əsassız iddialar” ehtiva etdiyi bildirilib.
“Türkiyədəki siyasi dinamika, xarici siyasətimiz və Prezidentimizin Şimali Kiprə səfərinə dair irəli sürülən fikirləri qətiyyətlə rədd edirik”, – deyə bəyanatda qeyd olunub.
Türkiyə tərəfi Avropa İttifaqı ilə münasibətlərin qarşılıqlı fayda əsasında davam etməsi üçün Avropa Parlamentindən məsuliyyətli və ədalətli mövqe gözlədiyini vurğulayıb.
Qeyd edək ki, Avropa Parlamenti tərəfindən qəbul edilən hesabatda ölkədəki insan haqları, demokratiya, hüquq sistemi, xarici siyasət və Şimali Kiprlə bağlı məsələlərə dair tənqidi yanaşmalar yer alıb. Hesabat qeyri-məcburi olsa da, Avropa İttifaqı ilə Türkiyə arasındakı münasibətlərə siyasi təsir göstərir.