Politoloq Mübariz Əhmədoğlunun “Türkiyənin Azərbaycandakı 5-ci kolonu” ifadəsi kəskin narazılıq doğurub.
Yenicag.az xəbər verir ki, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru Mübariz Əhmədoğlu “Bakı-Xəbər” qəzetinə açıqlamasında etirazla qarşılanan müəyyən fikirlər səsləndirib.
Türkiyənin 4 vətəndaşının Dağlıq Qarabağa qanunsuz səfərinə münasibət bildirən Əhmədoğlu işlətdiyi “Türkiyənin 5-ci kolonu” ifadəsi ilə özünü hədəfə çevirib:
“Bu məsələdə üzərimizə ağır yük düşür. Bütün ictimaiyyət məsələyə sərt reaksiya verməlidir. Yeri gəlsə, burada Türkiyənin 5-ci kalonu kimi formalaşmış ictimaiyyət nümayəndələrinin də cavabı sərt verilməlidir.
Bundan artıq hörmətsizlik ola bilməz. Bir daha xatırladıram ki, həmin adamlar barəsində tədbir görməməklə yanaşı, həm də bizi qıcıqlandıran addımlar atırlar”.
Politoloqun bu yanaşması, həmçinin Türkiyəyə yönələn “5-ci kolon” ifadəsindən istifadə etməsi, yumşaq deyilsə, təəssüf və təəccüb doğurur.
Hər halda, təcrübəli politoloq sayılan Əhmədoğlu “5-ci kolon” ifadəsinin mahiyyətini və onun hansı situasiyalarda işlədildiyini bilir.
Bu baxımdan, onun Türkiyənin 4 vətəndaşının Dağlıq Qarabağa qanunsuz səfərinə görə qardaş ölkəni hədəfə almasını və Azərbaycanda “5-ci kolon” yaratdığına dair iddiasını təsadüf kimi qiymətləndirmək çətindir.
Belə bir yanaşma mərhum prezident Heydər Əliyevin bəyan etdiyi və daim aktual olan “Bir millət, iki dövlət” prinsipinə də əsla uyğun deyil.
“Türkiyənin Azərbaycandakı 5-ci kolonu” ifadəsinə sərt etirazını bildirən Azərbaycan-Türkiyə Evinin (ATEV) rəhbəri Tənzilə Rüstəmxanlı Yenicag.az-a açıqlamasında bu düşüncə sahiblərinin mərhum prezident Heydər Əliyevin ideya və fikirlərinin əleyhinə çıxdıqlarını deyib:
“Mübariz Əhmədoğlunun nədən belə danışmasının səbəbini bilmirəm. Türkiyənin Azərbaycanın əleyhinə hansı addımı olub ki, bu məsələni belə şişirdirlər?
Avropadan, başqa ölkələrdən yüzlərlə adam Qarabağa icazəsiz səfərlər edib. Azərbaycanın öz prinsipləri var, Xarici İşlər Nazirliyi səviyyəsində o məsələlərə münasibət bildirilir.
Əvvəla, Türkiyə tərəfi dəfələrlə izah edib ki, Qarabağa icazəsiz səfər edənlər HDP-li millət vəkilləridir, terrorçu PKK-nın təbliğatını aparan adamlardır… Həmin şəxslər Türkiyənin özünün də əleyhinə olan şəxslərdir. O cür millət vəkillərinin, QHT rəhbərlərinin Qarabağa icazəsiz səfərləri birinci dəfə deyil ki… Türkiyə dövləti bu məsələyə münasibətini aydın və qəti şəkildə bildirib.
İkincisi, Türkiyəni ölkəmizdə hansısa “5-ci kolon” deyil, bütün Azərbaycan xalqı dəstəkləyir, müdafiə edir və etməlidir də. Bundan təbii nə ola bilər ki? Türkiyə Azərbaycanın qardaşı deyil? Azərbaycanın əleyhinə olan bütün məsələlərə ilk sərt münasibətin məhz Türkiyə tərəfdən gəldiyini kim bilmir ki?
Ancaq bəzilərinin bütün işi-gücü Türkiyə ilə Azərbaycan arasında fitnə salmaqdan ibarətdir. Ermənilərin də istədiyi budur da… Azərbaycan Qarabağa qanunsuz gedən şəxsləri salsın “qara siyahı”ya və ölkəyə gəlişlərini qadağan etsin. Türkiyə indi neyləməlidir?
Türkiyə ilə Azərbaycanın münasibətlərini pozmağa çalışanlar az idi, indi də Mübariz Əhmədoğlu və başqaları içəridən bu işə başlayıblar. İçi Rusiya, İran və başqaları olmaqla, Qarabağ məsələsində Türkiyə qədər Azərbaycana dəstək verən ikinci ölkə göstərsinlər görək, varmı? Bu cəhdlər qaşınmayan yerdən qan çıxartmaqdan başqa bir şey deyil.
Öz daxilimizdə Azərbaycanın əleyhinə gecə-gündüz fəaliyyət göstərən o qədər adam var ki… Onları hədəfə almaq lazımdır. Artıq o məsələ bitdi də…
Necə olur, Təhsil Nazirliyi Azərbaycanın tarix dərsliyində uydurma “Böyük Ermənistan”ın xəritəsini çap etdirir, orada Ağrı dağını da, Van, Qars, Şərqi Anadolu torpaqlarını da erməni ərazisi kimi göstərir, bunu qabardan yoxdur…
Bəs Türkiyə Azərbaycandan niyə bunun hesabını sormur ki, sənin Təhsil Nazirliyin mənim ərazilərimi Ermənistan ərazisi kimi göstərilən xəritəni necə çap edib?
Bilirsiz, bu məsələlərə çox ehtiyatla yanaşmaq lazımdır, bu, çox ehtiyatsız bir ifadədir, “5-ci kolon” nə deməkdir? Bu, Heydər Əliyev ideyalarının əleyhinə getməkdir? Məgər Heydər Əliyev demirdi ki, biz “Bir millət, iki dövlət”ik? Türkiyənin maraqları Azərbaycanın, Azərbaycanın da maraqları Türkiyənindir. Türkiyənin Azərbaycanda müdafiəyə ehtiyacı var ki? Əksinə, Azərbaycanın Türkiyənin müdafiəsinə ehtiyacı var”.
Bu barədə Yenicag.az-a danışan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə Azərbaycanda Türkiyə əleyhinə kampaniyanın vüsət almasını “siyasi sifariş” kimi qiymətləndirib:
“Çox təəssüf ki, Azərbaycanda zaman-zaman Türkiyə əleyhinə yolverilməz kampaniya aparılır. Adını çəkdiyiniz şəxsin öz çıxışında “Türkiyənin 5-ci kolonu” ifadəsi işlətməsi açıq-aşkar siyasi konyukturadır və özündə siyasi sifariş elementi daşıyır.
Fikrimcə, bu sifarişin sahibi Azərbaycan hakimiyyəti daxilində mövcud olan Rusiyameyilli qüvvələrdir. Onların yeganə məqsədi Azərbaycanı Türkiyədən ayıraraq, Rusiya ilə yaxınlaşdırmaqdır. Səbəb bu qədər bəsitdir.
Hər kəs bilməlidir ki, Türkiyənin Azərbaycanda “5-ci kolon” formalaşdırmağa heç bir ehtiyacı yoxdur. Azərbaycan əhalisinin mütləq əksəriyyəti Türkiyəni özünün ikinci vətəni sayır və onun maraqlarını ölkəmizin maraqlarından ayırmır.
Daha konkret desək, Türkiyə Azərbaycanın özü, Azərbaycansa Türkiyənin özüdür. “Yuxarı”ların yanaşmasından, düşüncəsindən, planlarından asılı olmayaraq, Azərbaycan insanının Türkiyə sevgisini, rəğbətini azaltmaq, ona xələl gətirmək mümkün deyil. “Siyasi qiblə”lərini Rusiyada axtaranlar bunu unutmasınlar”.
Məsələyə münasibət bildirən politoloq Əlabbas Məhərrəmov isə Yenicag.az-a açıqlamasında hər kəsin Azərbaycan-Türkiyə münasibətlərinə ziyan vuracaq söz və hərəkətlərdən çəkinməli olduğunu deyib:
“Uzun müddət siyasətdə olan Mübariz Əhmədoğlu kimi bir adamın belə sözlər işlətməsi təəssüf doğurduğu kimi, həm də qəbuledilməzdir.
Bəli, Azərbaycanda özünün “5-ci kalon”unu yaradan, hətta buna cəhd edən ölkələr də var. Ancaq Türkiyə onların sırasında deyil və ola da bilməz.
Azərbaycan-Türkiyə münasibətləri analoqsuz olduğu qədər, xalqımızın qardaş Türkiyəyə münasibəti də bənzərsizdir. Heç birimiz heç bir müstəvidə Türkiyənin və oradakı qardaşlarımızın təəssübünü kimsəyə vermərik.
Qardaşlıq münasibətlərini bir kənara qoyaq, ən əsas problemimiz olan Qarabağ münaqişəsində də Türkiyənin Azərbaycana dəstəyini necə görməməzliyə vurmaq olar?
Üç-beş nəfərin Qarabağa qanunsuz səfərinə görə Türkiyə dövlətini ittiham etmək hansı məntiqə sığır? Ona qalsa, Qarabağa ən çox qanunsuz səfər edənlər Rusiya vətəndaşlarıdır…
O baxımdan, Türkiyə haqqında fikir söyləyərkən sözlərimizdə, bir addım atarkən hərəkətlərimizdə ehtiyatlı olmaq lazımdır. Azərbaycan-Türkiyə münasibətlərinin sərinləşməsi ən çox düşmən Ermənistana və ermənilərin havadarlarına lazımdır. Onları sevindirə bilmərik”.
A. Zeynalov
www.yenicag.az