“Suriyada Türkiyənin əməliyyat keçirməsinə qarşı hər hansı fikir səsləndirənlər oradakı qrupları saxlayanlar və mailiyyələşdirənlərdir. Onlar Türkiyənin hazırkı geosiyasi mövqeyindən narahat olub Suriyadakı qrupları hərəkətə keçiriblər və bunu rəsmi Ankaraya qarşı təzyiq vasitəsi kimi istifadə edilər”.
Bu fikirləri Türkiyənin Suriyada əməliyyata hazırlaşması, Rusiya və ABŞ-nin bununla bağlı Türkiyəyə xəbərdarlıq etməsi və bölgədəki hazırkı vəziyyəti şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.
Şair Ramaldanov bildirib ki, Suriyada vəziyyət gərgin olaraq qalırdı, sadəcə Ukrayna-Rusiya müharibəsi onu bir qədər arxa plana keçirmişdi:
“Suriyada gedən proseslər prinsip cəhətdən dəyişməyib. Sadəcə digər proseslər fonunda arxa planda qalmışdı. Bundan istifadə edən PKK-nın Suriya qanadı Türkiyə ilə sərhəddə müəyyən aktivlik göstərirdi. Orada təxribat gələcəkdə təxribatlar törətmək üçün müəyyən hazırlıqlar görürdülər. Bununla bağlı Türkiyə kəşfiyyat məlumatları alırdı. Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün müəyyən addımlar atmalı idi. Türkiyə üçün bir hədəf var, o da sərhədlərinin təhlükəsizliyidir.
Hazırkı yaranmış vəziyyət və təcrübə onu göstərir ki, Türkiyə müəyyən məsafədə təhlükəsizlik zolağı yaratmalıdır. Türkiyə bufer zona yaratmağa məcburdur. Suriyadakı PKK və digər terror təşkilatları bəzi qurumlardan və dövlətlərdən mailiyyə yardımları alırlar və onların tapşırıqlarını yerinə yetirirlər. Suriya ilə bağlı Türkiyəyə qarşı hər hansı fikir səsləndirənlər oradakı qrupların saxlanılmasında və maliyyələşdirilməsində kimlərin olduğunu ortaya qoyur.
Türkiyə ABŞ münasibətləri uzun zamandır ki soyuqdur. Ukrayna məsələsində də Türkiyənin mövqeyi sülhdür, tərəfləri danışıqlar masasına gətirməkdir. ABŞ başda olmaqla digər qüvvələr Ukraynadakı müharibənin davamını istəyir. Türkiyənin Ukrayna problemi üçün atdığı addımları bəyənməyən ABŞ və digər qüvvələr Suriyadakı müəyyən rıçaqları işə salaraq rəsmi Ankaraya müəyyən təzyiq göstərmək istəyirlər”.
Səxavət Məmməd
www.yenicag.az