!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyənin Suriyaya daxil olmaq qərarı vaxtında verilməsəydi...” – Bakıdan baxış

!Reklam – Yazi

“Ankaranın Suriya ilə sərhəddə təhlükəsizlik zolağı yaratmaq istəyi zəruri və başadüşüləndir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyənin Suriya proseslərində iştirakı ilə bağlı səsləndirilən tənqidi fikirlərə münasibət bildirən politoloq Əlabbas Məhərrəmov deyib.

Əlabbas Məhərrəmovun sözlərinə görə, Türkiyənin Suriya proseslərində iştirakı dövlətin təhlükəsizliyinin təmin olunması ilə şərtlənir:

“Ötən həftə Suriyada Türkiyə əsgərlərinə edilmiş xain hücumdan sonra qardaş ölkə hərbçilərinin bu ərəb ölkəsində mövcudluğu yenidən müzakirə olunmaqdadır. Çox təəssüf ki, bəzi hallarda bu məsələyə səthi və emosional münasibət bildirilir, Türkiyənin Suriyadakı iştirakına sadəcə, əsgər itkisi prizmasından yanaşılır.

Amma gəlin, vəziyyətə real baxaq: Türkiyənin Suriyadakı proseslərdən kənarda qalması mümkün və doğrudurmu? Dünyanın böyük gücləri, regionda özünü söz sahibi sayan ölkələrin hamısı Suriya proseslərinin iştirakçılarıdır, onların hər biri özünün dövlət maraqlarının təmin olunmasına çalışır.

Şübhə yoxdur ki, Suriyaya daxil olmaq qərarı vaxtında verilməsəydi, bu gün o qanlı hadisələr Türkiyənin daxilinə sıçrayacaqdı, gərginliyi Türkiyənin içərilərinə ötürəcəkdilər.

Ankaranın Suriya ilə sərhəddə təhlükəsizlik zolağı yaratmaq istəyi zəruri və başadüşüləndir. Türkiyənin geri çəkilməsi dövləti böyük təhlükə ilə üz-üzə qoya bilər və nüfuzunu sarsıdar. Ona görə də, Türkiyə Suriya proseslərində elan etdiyi prinsiplər üzrə mövcudluğunu saxlamalı, fəaliyyətini davam etdirməlidir.

Son hadisələr göstərdi ki, Türkiyə diplomatiyası analoji vəziyyətlərdə çevik davranmaq qabiliyyətindədir. Türkiyənin Rusiya ilə yaranan gərginlik fonunda ABŞ və NATO ilə operativ məsləhətləşmələrə başlaması Ankaranın manevr imkanlarını qoruyub saxladığını söyləməyə əsas verir. Bu isə Türkiyənin Suriya proseslərində qarşıya qoyduğu əsas məqsədin – təhlükəsizlik zolağının yaradılmasına nail olacağına ciddi zəmin yaradır”.

Aqil Bəkir

COP29

www.yenicag.az

1495
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv