TÜRKSOY Ziyaddin Kasanovun üstün xidmətlərini medalla mükafatlandırdı
Türkiyənin şəhərində “Axısxa” qəzetinin 25 illiyi və “Türk Birliyi” dərgisinin 15 illiyi münasibətilə tədbir təşkil olunub.
Türk dünyasının media təmsilçilərini, diplomatlarını və qeyri-hökumət təşkilatları rəhbərlərini bir araya gətirən tədbirdə Türk Dövlətləri Təşkilatının (TDT) baş katibinin müavini Ömər Kocaman, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibinin müavini Sayit Yusuf, Dünya Axısxa Türkləri Birliyinin (DATÜB) sədri Ziyatdin Kasanov, Axısxa qəzetinin baş redaktoru Rovşən İsmayılov, həmçinin Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmiləri, TİKA və YTB nümayəndələri, eləcə də çoxsaylı alimlər iştirak ediblər.
Açılış çıxışlarında Axısxa qəzetinin və “Türk Birliyi” dərgisinin Türk dünyasında ortaq tarixi yaddaşın qorunmasına, diaspora şüurunun möhkəmləndirilməsinə və soydaş icmalar arasında mədəni bağların gücləndirilməsinə verdiyi həyati əhəmiyyətli töhfələr xüsusi vurğulanıb.
Sayit Yusuf: “Axısxa türkləri İstanbulun açarıdır”
Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibinin müavini Sayit Yusuf peşə fəaliyyətinin Axısxa məsələsinə həsr olunmuş məqamlarından söz açıb. O, Axısxa türklərinin milli kimlik uğrunda mübarizəsini salamlayaraq deyib:
“Əcdadımız 1828-ci ildə bu bölgədən qoparılanda vəziyyəti ‘İstanbulun kilidi getdi’ sözləri ilə ifadə etmişdi. Axısxa türkləri 1944-cü il sürgününün ağır qış şəraitində, vaqonlarda can versələr də, dillərindən, dinlərindən və türklük qürurlarından heç vaxt vaz keçmədilər. Bu gün Amerikadan Özbəkistana qədər dünyanın dörd bir yanına səpələnsələr də, təşkilatlanmış strukturları və sarsılmaz inamları ilə Türk birliyinin ən gözəl nümunəsini nümayiş etdirirlər”.
Çıxışında DATÜB sədri Ziyatdin Kasanovun xidmətlərinə toxunan Sayit Yusuf onu Azərbaycanın görkəmli xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevə bənzədib. O, Kasanovun, Tağıyev kimi, Türk gənclərinin təhsilinə və mədəni varlığının qorunmasına qarşılıqsız dəstək verdiyini qeyd edərək bildirib: “Ziyatdin bəy bu gün Türk dünyasında səs-küysüz, lakin nəhəng işlərə imza atan bir könül insanıdır”.
Proqramın sonunda Sayit Yusuf TÜRKSOY-un baş katibi Sultan Raev adından Türk dünyasına, onun mədəniyyətinə və Axısxa türklərinə göstərdiyi üstün xidmətlərə görə DATÜB sədri Ziyatdin Kasanova TÜRKSOY medalı təqdim edib.
Tədbir sonda protokol nümayəndələrinin günə dair fikirlərini bölüşməsi və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Amir Aqiloğlu












