Ukrayna-Belarus gərginliyi: Minsk münaqişənin aktiv tərəfi olacaq?
“Belarus Rusiyanın qərbdəki son qalasıdır”.
Bunu Ukrayna ilə Rusiya arasında yaşanan gərginlik fonunda Belarusun münaqişədə iştirak edib-etməyəcəyi barədə danışan politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.
Politoloq bildirib ki, Rusiya Belarusu əldən verməmək üçün lazım olan bütün resursları istifadə edə bilər:
“Rusiya hərbi bazalarından birini təhlükəsizliyini qorumaq üçün Belarus ərazisində yerləşdirildiyini bildirir, amma Aleksandr Lukeşenkonun Vladimir Putindən çəkinməsi məsələsi də inandırıcı səbəb ola bilər. Düşünmürəm ki, Zelenskinin dediyi qədər Belarus tamamilə Rusiyadan asılı vəziyyətdədir. Belarusun müharibəyə girməməsi belə bir mənzərəni ortaya qoyub ki, Belarus həmişə Rusiyanın istədiyi kimi davranmır. Hər bir halda, ikisi də ittifaq dövlətidir və bir-birinin təhlükəsizliyini qorumağa məcburdur. Rusiya isə Belarusu əldən verməmək üçün müəyyən zəruri addımlar ata bilər. Hər nə qədər Ukrayna tərəfindən Belarusa ciddi xəbərdarlıq edilsə də, Rusiya amili nəticəni dəyişdirmir. Belarus öz ixtiyarı ilə nə etsə də, Rusiya amilini gözə almalıdır. Belarus Rusiyanın qərbdəki son qalasıdır. Rusiya Belarusu itirsə, durum daha ağır ola bilər. Düşünürəm ki, Rusiya Belarusu əldən verməmək üçün lazım olan bütün resursları istifadə edə bilər”.
Nurlan Cəfəri













