Ukrayna cəbhəsində gizlənən ABŞ-Rusiya əlaqələrinin açarı - ŞƏRH
“ABŞ Rusiya ilə Çinin hərbi-siyasi, iqtisadi yaxınlaşmasını öz maraqlarına təhlükə sayır”.
Bu sözləri ABŞ prezidenti ilə rusiyalı həmkarı arasında telefon danışığı, tərəflər arasında görüşün keçirilmə ehtimalı və gözlənənləri Yenicag.az-a şərh edən politoloq Nəsimi Məmmədli deyib.
O bildirib ki, Alyaska görüşü müharibəni dayandırmaq yerinə Rusiyanın hücumlarını artırdı:
“Tramp ABŞ prezidenti seçildikdən dərhal sonra Rusiya Ukrayna müharibəsini dayandırmağa xeyli cəhd göstərdi. Dəfələrlə Putinlə telefonla danışdı, Ukrayna prezidenti Zelenski ilə görüşdü. Müxtəlif variantlar üzərində diplomatik həmlələr etdi. İşğalçı Rusiyaya deyil, işğala məruz qalan Ukraynaya müəyyən təzyiqlər edərək müharibəni sonlandırmağa çalışdı. Amma real nəticə ala bilmədi. Hətta Trampla Putinin Alyaskada keçirilən görüşü də Ukrayna Rusiya arasında müharibəni dayandırmadı. Əksinə Rusiya Ukraynaya hücumlarını daha da artırdı.
Britaniya başda olmaqla Avropa Birliyi Ukraynaya hərtərəfli dəstək verməklə Rusiya qarşısında Ukraynanı tək buraxmadılar. Bundan sonra Tramp Rusiyaya hərbi təzyiqi artırmaqla atəşkəsə nail olmağı sınaqdan keçirməyə qərar verdi. Ukraynaya hərtərəfli hərbi dəstəyin, o cümlədən “Tomaqavk” raketlərinin verilməsi barədə qərar da Rusiyanı atəşkəsə razılaşdırmağa istiqamətlənib”.
Trampla Putinin görüşünə gəldikdə isə politoloq qeyd edib ki, Trampla Putinin Budapeştdə keçirilməsi planlaşdırılan növbəti görüşünün gündəliyində təbii ki, Ukrayna Rusiya müharibəsi öncəlik təşkil edəcək:
“Bu mərhələdə ABŞ Rusiya arasında həlli mümkün olan ikitərəfli məsələlərin əksəriyyəti Ukrayna ilə müharibənin aqibətinə bağlıdır. ABŞ Rusiyaya çoxsaylı sanksiyalar tətbiq edib. Hətta Rusiya ilə ticarət edən dövlətlərə qarşı da belə bir sərt addımın atılacağı bəyan olunub.
ABŞ Rusiya ilə Çinin hərbi-siyasi, iqtisadi yaxınlaşmasını öz maraqlarına təhlükə sayır. Amma bu prosesi hələ dayandıra bilmir. Odur ki, Rusiya ilə Ukrayna arasında müəyyən razılaşmalar olmadan ABŞ-Rusiya münasibətlərinin normallaşacağı hələ inandırıcı deyil. Ukrayna ilə Rusiya arasında müharibənin uzanmasından hər iki tərəf zərər çəkir. Odur ki, qarşıdakı dövrdə bu müharibənin sonlandırması istiqamətində substantiv danışıqların olması ehtimalı da istisna deyil”.
Səxavət Məmməd