Ukrayna Qızıl meydanı VURACAQ? – “Tamamilə işğalına gətirib çıxara bilər”
“Ukraynanın Qızıl meydanı vurması onun tamamilə işğalına gətirib çıxara bilər”.
Bu sözləri 9 May – Qələbə Günü ilə bağlı Ukraynanın Rusiyanı təhdid etməsi və Rusiyanın “Oreşnik”lə Kiyevi vuracağını bəyan etməsini Yenicag.az-a dəyərləndirən hərbi ekspert Ramil Məmmədli deyib.
O, bildirib ki, Ukraynanın məqsədi Moskvada keçiriləcək tədbirin əhəmiyyətini aşağı endirməkdir:
“Qələbənin 80 illiyi ilə əlaqədar mayın 9-da Moskvada keçiriləcək tədbiri Ukrayna təhdid edir. Bu, təkcə Rusiyada deyil, həmin tədbirdə iştirak edəcək ölkələrin media resurslarında da birmənalı qarşılanmır. Bununla bağlı müxtəlif fikirlər və rəylər səsləndirlir. Hesab edirəm ki, Ukrayna tərəfindən səsləndirilən fikirlər həmin tədbirin əhəmiyyətini aşağı salmaq və tədbirdə iştirak etmək istəyən ölkələrin dövlət başçılarını çəkindirmək və bununla da mərasimin əhəmiyyətini olduqca aşağı endirməkdir”.
R. Məmmədlinin fikrincə, “Ukrayna paradın keçiriləcəyi Qızıl meydanı vura bilərmi” sualları insanları çox düşündürür:
“Ukraynanın belə texnoloji avadanlıqlara sahib deyil. Əgər söhbət PUA-lardan gedirsə, Moskvanın ətrafında çoxpilləli müdafiə xətti formalaşdırılıb. Bu da nəinki Qızıl meydanı, ümumilikdə Moskva şəhərini əhatə edir. Əgər Ukrayna tərəfi Qızıl meydanı vura bilərsə və bu sübuta yetirilərsə, o zaman rusların “xüsusi hərbi əməliyyat” adlandırdığı döyüşlər artıq başqa fazaya keçə və bu da Ukraynanın tamamilə işğalına gətirib çıxara bilər. Bu cür bəyanatların səsləndirilməsi yalnız informasiya müharibəsi xarakterlidir. Bunun hər hansı hərbi-texniki əsası yoxdur”.
Səxavət Məmməd