Ukraynanın “Kanal 24” televiziya kanalı Azərbaycan və Rusiya prezidentlərinin Müttəfiqlik Bəyannaməsini imzalaması ilə bağlı süjet hazırlayıb.
Yenicag.az xəbər verir ki, fevralın 23-də Moskva və Kiyev arasında yaranmış gərgin vəziyyətə baxmayaraq, WTF proqramının buraxılışında aparıcı Aleksey Peçiy bu sənədlə bağlı danışıb.
“Bir gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev Moskvada Vladimir Putinlə görüşüb. Nəticədə hər iki ölkə həm siyasi, həm də iqtisadi qərarları özündə əks etdirən 43 bəndlik Müttəfiqlik Bəyannaməsi imzalayıb. Əlbəttə ki, ilk düşünə biləcəyiniz şey budur: “Bu, əsl “zrada”dır (Ukrayna dilindən tərcümədə xəyanət və ya satqınlıq – red.), axı, Əliyev bir müddət əvvəl Kiyevdə olub və ölkəmizi hər şəkildə dəstəkləyəcəyini iddia etdi… Ancaq gəlin ilk əvvəl bu sənədə daha yaxından nəzər salaq. Burada isə dərhal qeyd edəcəm – sənəd soyuq praqmatizm üzərində qurulub.
Ümumiyyətlə, 43 bənd – kifayət qədər çoxdur, ona görə də ən əsaslarına diqqət yetirməyi təklif edirəm.
Gəlin ondan başlayaq ki, bu müqavilə hər iki tərəfin bu gün Azərbaycan üçün əsas məsələni, yəni Dağlıq Qarabağı necə başa düşdüyünü açıqlayır. Əliyev Azərbaycanın sərhədlərinin indiki formada Rusiya tərəfindən tam tanınmasını Putindən sözün əsl mənasında dartıb aldı və hətta onu bölgədən bütün qoşunlarını tamamilə çıxarması üçün Ermənistana təsir göstərməyə çağırdı.
Bilirsiniz nə oldu? Putin nəinki razılaşdı, hətta Ermənistana təzyiq edəcəyinə söz verdi. Bu, xüsusilə diqqətəlayiqdir, çünki Ermənistan Rusiyanın çoxdankı müttəfiqidir, hətta KTMT-nin üzvüdür, ancaq xatırladığınız kimi, Qarabağda yeni müharibə başlayan kimi Ermənistanın birbaşa müraciətinə baxmayaraq, Rusiyadan kömək olmadı. İndi də, bir-iki ildən sonra, nəhayət, Kreml etiraf etdi ki, sadəcə olaraq, Ermənistanın maraqlarına əhəmiyyət vermir.
Eyni zamanda, Putin Əliyevdən heç bir qarşılıqlı tanınma faktını əldə edə bilmədi – Azərbaycan Ukraynanın ərazi bütövlüyünə sadiq qalır. Azərbaycan prezidenti bəyannaməni imzaladıqdan sonra mətbuat konfransı zamanı isə “LDXR”in tanınması, həmçinin işğal altında olan Krım haqqında bir kəlmə də danışmadı.
Üstəlik, Putin Azərbaycan məsələsində Rusiya imperiyasının bərpasından, NATO-nun mifik təhdidlərindən danışmayıb. Müttəfiq bəyannaməsində Azərbaycanın istənilən beynəlxalq ittifaq və təşkilatlara üzv olmaqda azad olduğu, Kremlin isə onun seçimini dəstəkləməyi öhdəsinə götürdüyü açıq-aydın göstərilir.
Bəyannamədə Kreml üçün ən vacib məsələ olan enerji barədə də bənd var. Axı “Şimal axını 2”nin sonunun gəldiyi, Avropanın isə tədricən Rusiya qazından imtina edəcəyi göz qabağındadır. Ona görə də Putin təcili olaraq yeni bazarlar axtarmalıdır. Azərbaycan belə bazarlardan birinə çevrilə bilər. Burada qeyri-müəyyən vəziyyət yaranır, çünki Azərbaycan o ölkələrdəndir ki, əksinə, “Qazprom”u Avropa bazarından sıxışdırıb çıxarır. Amma Əliyev burada da siyasət işlətdi – Putin ona Azərbaycanın enerji sektorunun inkişafına sərmayə qoyacağını vəd etdi. İndi Azərbaycan da Çin kimi Rusiyadan qazı endirimlə ala biləcək, Rusiyanın Avropa bazarlarına çıxmasına icazə verilmədiyi üçün isə Azərbaycan bu qazı Avropaya endirimlə deyil, svop qiyməti ilə satacaq. Üstəlik, Putin Əliyevə ödənişləri Rusiya rublu və Azərbaycan manatı ilə etməyi təklif edib.
Belə görünə bilər ki, Azərbaycan kritik məqamda sadəcə olaraq Kremlə kömək əlini uzadır. Ancaq aydındır ki, Əliyev sadəcə öz maraqlarının arxasınca gedir. Azərbaycan prezidenti, Putinin Rusiyanı hansı mövqeyə qoyduğunu anlayır, buna görə də ondan hər cür faydanı götürür. Eyni zamanda o, Azərbaycanı Qərblə gərginləşdirə biləcək “qırmızı xətti” keçmir”, – deyə Ukrayna telekanalının aparıcısı Aleksey Peçiy bildirib./Caliber/
www.yenicag.az