Postsovet, türk, müsəlman ölkələri zamanla böyük güclərin poliqonu olub. Yaxın Şərq, İraq, İran, Suriya, Liviya, Əfqanıstan, Gürcüstan, Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan.
Bir qədər uzaq tarixlərdə Türkiyə-Fransa, Türkiyə-Rusiya münasibətləri də nümunə gətirilə bilər. Bu siyahıda Cənubi Qafqazın ev sahibi, postsovet ölkəsi, müsəlman-türk əhalisi çoxluğu ilə, Azərbaycan həmişə həm hədəf olub, həm də təhlükə hesab edilib.
Məhz bu səbəbdən dünya Azərbaycanı nə birmənalı qəbul edə, nə də kəsib ata bilib. Odur ki, regionun liderinə çevrilməsinə də ciddi şəkildə maneələr yaradılıb. Bunun üçün Azərbaycanın tarixi torpaqlarında kütləvi qırğınlar törətmək, deportasiyalar təşkil etməklə, Ermənistan adlı xırda dövlət belə qurublar. Tarixin müxtəlif mərhələlərində dünyada onlarla terror təşkilatını belə ermənilərlə yaradıblar. Böyük güclərin maraqlarına uyğun olaraq Azərbaycanla və ya Azərbaycanda müharibələr törədiblər. Otuz ildən çox Azərbaycan ərazisi olan Qarabağın işğalda saxlanması, həmin faciələrin sonuncusu idi ki, qarşısı 2020-ci ildə, İlham Əliyevin Ali Baş Komandanlığı altında, 44 günlük vətən savaşı ilə birmənalı alındı.
İndi dünya bugünkü Azərbaycanla hesablaşmaq məcburiyyətindədir. Çünki dünya üçün önəmli bir çox hava, quru və su yolları, habelə, iki əsrdən çoxdur qapadılmış böyük İpək Yolu, dünyanın enerji, qaz və yanacaq təminatının böyük bir hissəsinə sahib Azərbaycan, bu savaşla, həm də öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi.
Böyük qələbəyə gətirən yolun təməli isə 1994-cü ildə nə qədər ağır qərar olsa da ümummilli lider Heydər Əliyevin imzaladığı atəşkəs müqaviləsi ilə başladı. O, dəqiq görüb və hesablaya bilmişdi ki, nə iqtisadi, nə siyasi, nə beynəlxalq, nə də hərbi durum Azərbaycan üçün əlverişli deyil. Bu situasiya Azərbaycan üçün bilərəkdən yaradılıb. Hədəf dövləti tamamilə sıradan çıxarmaqdır. Və bəzi məqamlarda, tamamilə sıradan çıxarılacağına əmin olduğun döyüşlərdən çəkilmək, dövlət varlığını, xalq bütövlüyünü qorumaq üçün ağrılı da olsa mühüm qərarlar almaq şərtdir. Bu əslində tarix, dövlət və xalq qarşısında bir liderin həm də vətəndaş xidmətidir. 1994-cü ildə Heydər Əliyev məhz bu addımı atdı, Azərbaycanı və öz xalqını birmənalı məhvdən qorudu.
1994-2020. Bu illərdə Azərbaycan düşmənlərinin və regionda hegemonluğunu əldən verməyən güclərin iradəsinin əksinə, sürətlə gücləndi. 2020-ci ildə iqtisadi, siyasi, diplomatik və hərbi güc sərgiləyib, ərazi bütövlüyünü, dövlət suverenliyini bərpa etdi. Hazırda Qarabağa böyük qayıdış layihələrinə paralel, regionda mədəni, ictimai və beynəlxalq tədbirlərin ev sahibidir. Üstəlik Qarabağın sürətli, köklü inşası prosesinə start verib. 2024-cü ilin iyulunda, Prezident İlham Əliyev Şuşa Media Forumundakı çıxışında, Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə verdiyi atəşkəs qərarını xatırlatdı:
Elə bir dövr var idi ki, biz atəşkəsə razı olmalı olduq. Bu, çox çətin qərar idi mənim atam Azərbaycanı məndən az sevmirdi və ya hər hansı bir azərbaycanlıdan az sevmirdi. Ancaq o, məcburən 1994-cü ildə bu atəşkəsə razı oldu, çünki ölkəni xilas etməli idi… İnsan bəzən çətin qərarlar verməli olur…
İndi buna həm də siyasətdə Azərbaycan təcrübəsi demək olar. Və bu nümunə dünyada oxşar xarakterli münaqişəyə cəlb edilən dövlətlər üçün yaxşı nümunədir. Məsələn, bu gün Rusiya-Ukrayna savaşı üçün də bu, yaxşı örnəkdir…
İndi Ukrayna yolayrıcındadır. Daha dəqiqi ağır siyasi-iqtisadi durumdadır, üstəlik diplomatik basqı altındadır. Əraziləri işğal olunur, itkiləri artır, tarixi şəhərləri viran olur. Nə qədər çətin olsa da, Ukrayna siyasi rəhbəri qərar verməlidir. Üzü məhvə gedən yolda, atəş(i) kəs də deyə bilər. Vaxtilə Azərbaycanın dediyi kimi. Yəni uduzacağı, hətta məhv olacağın savaşı yox, inkişaf edəcəyi illəri qazana, xalqını və dövlətini qoruya biləcək komandanı vermək zamanıdır.
Bu canlı və günahsız itkilərin, daxildə daha böyük xaosun qarşısını alar, daha böyük tələfatların yolunu kəsər, güc toplamağa zaman qazandırar. Ən vacibi Ukraynanın dövlət varlığını qoruyar. Ancaq bunu etmək üçün də böyük iradə, lider qətiyyəti lazımdır.
Bu mənada Ukraynanın hazırkı siyasi rəhbərliyi dünyada hər kəsin diqqət mərkəzindədir. Maraqlıdır, heç kimin çətiri altına girmədən, Ukrayna da, Azərbaycan kimi davrana biləcəkmi, bunu zaman göstərəcək?!
www.yenicag.az