“Nə Ukraynanın, nə də Rusiyanın ildırım sürətli hücum üçün imkanı var”.
Bu fikiri Rusiyanın hücuma, Ukraynanın isə əks-hücuma hazırlaşmasını dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.
Tərlan Eyvazovun sözlərinə görə, sürünən müharibə davam edəcək.
“İki ildən yuxarı gedən proses necə gedirdisə, eyni proses gedir. Ruslar sürətlə Kiyevin yaxınlığına qədər getdilər. Sonra isə Ukrayna tərəfi onları vurub geri atdı. Davamlı olaraq, Qərb, Ukrayna, rus mətbuatına oxuyuruq ki, ya bu tərəf, ya da digər tərəf hücuma keçəcək. Biz isə deyirik ki, onların hər ikisinin ildırım sürətli hücum üçün heç bir imkanı yoxdur”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, bəziləri iddia edir ki, rusların səfərbərliklə bağlı problemi var, məlum oldu ki, yoxdur:
“Deyirdilər ki, Ukraynanın səfərbərliklə bağlı problemi var, görünür ki, Ukrayna tərəfinin də bu yöndə problem yaşamır. Ukrayna 27 yaş məsələsini 25 yaşa endirdi. Rusiyanın əsas problemi isə sanksiyalar və bəzi silahların çətin ərsəyə gəlməsi və Ukrayna ordusunun çox şiddətli müqavimət göstərməsidir.
Düşünürəm ki, sürünən müharibə prosesi davam edəcək. Müəyyən yerlərdə Ukrayna cəbhə xəttini möhkəmləndirmək üçün taktiki gedişlərlə geri çəkiləcək. Ukrayna tərəfə deyilən, söz verilən silahlar verilsəydi, əks-hücumdan danışmaq olardı. İndiki halda bunlardan danışmaq olmaz”.
Səxavət Məmməd
www.yenicag.az