“Qərb müharibənin ilk vaxtlarındakı kimi, hərbi yardımları davam etdirməsə, Ukraynanın məğlubiyyəti qaçılmaz olacaq”.
Bu fikirləri Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermakın ölkənin ABŞ-nin hərbi yardımı olmadan Rusiya ilə müharibəni uduzmaq riski ilə üz-üzə qalmasına dair bəyanatına münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Qərb müharibənin ilk vaxtlarındakı kimi, hərbi yardımları davam etdirməsə, Ukraynanın məğlubiyyəti qaçılmaz olacaq:
“Rusiyanın bu il ərzində həyata keçirdiyi daxili və xarici siyasət onun möhkəmlənməsinə gətirib çıxardı. Düşünülürdü ki, Ukrayna Qərbin köməyi ilə işğal edilmiş torpaqlarını azad edəcək və özünə sərf edən şərtlər əsasında Rusiya ilə danışıqlar masasına əyləşəcək.
Ancaq iş elə gətirdi ki, Böyük Britaniyada hakimiyyət dəyişikliyi baş verdi və Krallığın sabiq baş naziri Boris Conson vəzifədən uzaqlaşdırıldıqdan sonra London Ukraynaya yardım məsələsində artıq elə də həvəsli görünmür.
Eyni zamanda, Avropa iqtisadiyyatında geriləmə, ABŞ-da prezident seçkilərinin yaxınlaşması, prezident Co Baydenin nüfuzunun aşağı düşməsi və bu fonda Rusiyanın güclənməsi Ukraynaya edilən hərbi yardımın kəskin azalmasına gətirib çıxarıb. Qərbdən vəd olunan hava hücumundan müdafiə sistemləri, F-16-lar və tanklar Ukraynaya çatdırılmadı.
Ukraynanın vəziyyətini ağırlaşdıran amillərdən biri də ölkənin hərbi-sənaye kompleksinə aid əksər zavodların Rusiyanın işğal etdiyi regionlarda yerləşməsidir. Ümumiyyətlə, yaranmış vəziyyətdə Ukrayna iqtisadiyyatı xaricdən asılı vəziyyətə düşüb. İndiki halda müharibənin uzanması Ukrayna iqtisadiyyatını gücdən salmaqla yanaşı, Qərbin verdiyi yardımların da azalması ilə müşayiət olunur.
Eyni zamanda, bir tərəfdən Ukraynanın daxili istehsal potensialı aşağıdır, digər tərəfdən isə korrupsiya və təcrübəsizlikdən qaynaqlanan problemlər vəziyyəti xeyli çətinləşdirir. Qərb müharibənin ilk vaxtlarındakı kimi, hərbi yardımları davam etdirməsə, Ukraynanın məğlubiyyəti qaçılmaz olacaq.
Yeri gəlmişkən, prezident Zelensiki də daha nikbin notda danışmır, qalib gəlmələri üçün onlara nələrin lazım olduğunu açıq dilə gətirsə də, Qərbin öz vədlərini yerinə yetirəcəyi real görünmür. Ukraynada insan resursları ilə bağlı problem də ciddiləşməkdədir. Artıq 60 yaşa qədər insanların orduya cəlb edilməsinə başlanılıb. Bu da əhali arasında narazılıq yaradır.
Bütün bunların fonunda Rusiyaya tətbiq edilən sanksiyalar gözlənilən nəticəni vermədi. Bu addımlar yalnız Rusiyanın gəlirlərinin bir qədər azalmasından başqa heç nəyə yaramadı. Hər halda, Rusiyanın nefti və qazı, digər təbii sərvətləri yerdə qalmır, maneəsiz satılır.
Bundan əlavə, Rusiyanın insan resursları da ordunun tam komplektləşdirilməsinə və itkilərin yerinin doldurulmasına imkan verir. Ən əsası, Rusiya ordusu da əvvəlkindən fərqli olaraq, xeyli təkmilləşib və komandanlıq əvvəlki səhvlərə yol vermir”.
Səxavət Məmməd
www.yenicag.az