Ukraynanın taleyi Nyu-Yorkda HƏLL OLUR? – Kiyevə elə güzəştlər verildi ki... – ŞOK DETALLAR
“ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni açıqlamaları dünya miqyasında rezonans doğurub. Çünki son fikirləri bu günə qədər olan yanaşmasından kəskin fərqlənir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Yalçın Hacızadə deyib.
Ekspert bildirib ki, Tramp Prezident seçilməmişdən əvvəl bu müharibəni bir günə həll edə biləcəyini desə də, hakimiyyətə gəldikdən sonra etdiyi cəhdlərin hələlik nəticə vermədiyi görünür:
“Tramp Rusiya Prezidenti Vladimir Putinlə müzakirə və görüşlərindən heç bir irəliləyiş olmadığına görə həmkarının onu məyus etdiyini bildirir. ABŞ liderinin bundan əvvəlki siyasəti daha çox Ukraynaya qarşı yönəlmişdi və müharibənin yalnız Ukraynanın öz torpaqlarından güzəştə getməsi halında dayana biləcəyini düşünürdü. Amma dünənki çıxışında Ukraynanın Avropa İttifaqının dəstəyi ilə itirilmiş torpaqları geri qaytara biləcəyini bildirdi”.
Y. Hacızadə bildirib ki, bu fikir dəyişikliyi həm Kiyev üçün diplomatik qazancdır, həm də Qərbdə Ukraynaya yardım məsələsində fikir ayrılıqlarının azaldığını göstərir:
“Tramp Ukraynaya hücum silahlarının da verilə biləcəyindən danışıb. Hücum silahları taktiki və strateji profilli sistemlərdən ibarətdir. Yəni uzunmənzilli dəqiq atəş sistemləri, reaktiv artilleriya və HIMARS tipli sistemlər, müasir tanklar, zirehli texnika, hava dəstəyi və kəşfiyyat, qarşılıqlı əməliyyatları asanlaşdıran PUA-lar bu kateqoriyaya aiddir. Bunlar birlikdə, yəni sinxron şəkildə istifadə olunduqda müharibənin gedişatını dəyişə bilər. Ukraynaya 2023-2024-cü illərdə verilmiş dəqiq atəş və yüksək mobil reaktiv sistemlər müəyyən üstünlüklər qazandırdı. Hətta Ukrayna Rusiya ərazisinə daxil olaraq Kursk vilayətində müəyyən əraziləri də tuta bilmişdi”.
Ekspertin fikrincə, Trampın açıqlamaları siyasi baxımdan Ukrayna üçün müsbət siqnal olsa da, döyüş meydanında qəti nəticələr üçün kifayət deyil:
“Hücum silahları Ukraynaya real imkanlar verə bilər, amma bu uğur üçün davamlı təchizat, təlim, hava və kəşfiyyat üstünlüyü, həmçinin siyasi dəstək zəruridir. Ən vacib məqamlardan biri odur ki, silahların verilməsi ilə onların effektiv və davamlı istifadəsi arasında planlama və resurs təminatı olsun. ABŞ Prezidenti müharibəyə həmçinin biznes maraqları prizmasından yanaşır. O, dəfələrlə bildirib ki, Amerika artıq Ukraynaya pulsuz silah verməyəcək. Verilən silahların pulunu Avropa İttifaqı ölkələri ödəməlidir”.
“Son zamanlar Rusiya hərbi təyyarələrinin və PUA-larının Ukraynadan başqa dövlətlərin sərhədlərini pozması “qoca qitə” ölkələrini daha çox narahat etməyə başlayıb. Onlar müharibənin Ukrayna ərazisindən kənara çıxmamasında maraqlıdırlar. Ona görə hesab edirəm ki, Amerikanın Ukraynaya verəcəyi hava hücumundan müdafiə sistemlərinin pulunu Avropa ölkələri ödəməyə məcbur qalacaqlar. Çünki onlar hazırda Rusiya ilə qarşı-qarşıya gəlməyə hazır deyillər və ümumiyyətlə, bunu birbaşa istəmirlər”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov