Ukraynaya İCAZƏ VERİLDİ – Kiyevin növbəti həmləsi NECƏ OLACAQ?
“Əgər Rusiyanın mərkəzi şəhərləri vurulacaqsa, Rusiya da əlində olan strateji raketlərdən istifadə edəcək”.
Bu sözləri Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirməsinə ABŞ-nin razılıq verməsini Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.
O, bildirib ki, ABŞ sözdə bunu deyir, ancaq raketlər verməyib:
“Ukrayna onsuzda Rusiyanın dərinliklərini vurur. Neft bazaları, neft ayırma zavodlarını, strateji obyektləri PUA-larla zərbə endirir. Yaxın məsafələrə isə öz raketləri vasitəsi ilə hücumlar həyata keçirir. ABŞ Rusiyanın dərinliklərinin vurulması üçün hansı raketlər verəcək bəlli deyil. ABŞ ancaq söz verir. Reallıq odur ki, bu tip raketlər verilməyib. Raketlərin verilməsi üçün hazırlıq görülmür. Ukraynalı hərbi ekspertlər də bildirir ki, raketlərin verilməsi barədə real heç nə yoxdur”.
Onun sözlərinə görə, Rusiya da yerində dayanmayıb:
“Dünən gecə 498 PUA, 30-a yaxın “Kinjal” raketi ilə Kiyev və digər şəhərlərə zərbələr endirib. Dünənki ağır zərbələrə görə ABŞ tərəfdən hər hansı münasibət bildirilməyib. NATO ölkələri Rusiya tərəfindən hava məkanları pozulsa da, buna sərt reaksiya verə bilmirlər. NATO bununla bağlı müzakirə də apardı, ancaq ortada ciddi bir nəticə yoxdur. Estoniyanın, Rumıniyanın sərhədi pozuldu, ancaq rus təyyarələri vurulmadı. ABŞ, NATO gözləmə mövqeyindədir. Əgər Rusiyanın mərkəzi şəhərləri vurulacaqsa, Rusiya da əlində olan strateji raketlərdən istifadə edəcək”.
Səxavət Məmməd