“Avropa İttifaqı üzvləri arasında Ukraynaya ən az yardım edən ölkə Fransa olsa da, bu barədə ən çox danışan məhz Makronun özüdür”.
Bu fikirləri nüvə silahından istifadə təhdidi fonunda Rusiya-Qərb qarşıdurmasını dəyərləndirən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.
Şair Ramaldanov bildirib ki, Rusiya strateji məğlubiyyət həddinə gətirilsə, o zaman Kreml nüvə silahına əl atacaq:
“Kütləvi qırğın silahları çəkindirici, həm də qabaqlayıcı xüsusiyyətə malikdir. Əgər hər hansı bir dövlət “qırmızı xətti” keçsə, nüvə silahına malik dövlət bu imkandan istifadə edə bilər. Bu baxımdan, Rusiya strateji məğlubiyyət həddinə gətirilsə, o zaman Kreml nüvə silahına əl atacaq.
Fransa prezidenti Emmanuel Makron həm Avropa İttifaqı, həm də NATO üzvü olan ölkələrə müraciət edərək Ukraynaya qoşun yeridilməsinin vacibliyini deyib. Daha sonra NATO-nun baş katibi bununla bağlı bildirdi ki, Makron o sözü bizimlə razılaşdırıb deməli idi. NATO üzü olan ölkənin bu məsələlələ bağlı özbaşına qərar qəbul etmək hüququ yoxdur.
Almaniya və digər ölkələr də həmin fikirlərin Makronun şəxsi mövqeyi olduğunu söylədilər. Makron özü də bildirdi ki, o ifagəni “istisna olunmur” formasında deyib. Yəni sözlər o demək deyil, Ukraynaya mütləq qoşun yeridiləcək.
Digər tərəfdən, Avropa İttifaqı üzvləri arasında Ukraynaya ən az yardım edən ölkə Fransa olsa da, bu barədə ən çox danışan məhz Mkaronun özüdür. Makronun sözlərinə sərt cavab verən Rusiya düşünür ki, Fransa prezidenti belə deyirsə, yəqin hansısa hazırlıq var. Putin Ali Baş Komandan olaraq müdafiə naziri və Baş Qərargah rəisinə açıq-aydın söylədi ki, nüvə silahları texniki cəhətdən hazır vəziyyətə gətirilsin. Təəssüflər olsun ki, qarşıdurma artıq bu həddə gəlib çatıb”.
Səxavət Məmməd
www.yenicag.az