“Hərbi kafedralar bu istiqamətdə ilkin biliklər verərsə, onların yenidən təşkilini nəzərdən keçirmək olar”.
Bu fikirləri ali məktəblərdə hərbi kafedraların yenidən bərpa edilməsinin mümkünlüyünü dəyərləndirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, indiki şəraitdə universitetlərdə hərbi kafedraların yenidən təşkilinə ehtiyac yoxdur:
“Fikrimcə, ali məktəblərdə hərbi kafedraların yenidən bərpa edilməsi korrupsiyaya meyli artıra bilər. Hərbi kafedra ən azı kiçik zabit dərəcəsi üzrə müəyyən bilik və bacarıqları formalaşdıracaqsa və burada şəffaf nəzarət olacaqsa, o zaman yenidən təşkil olunmasında problem yoxdur.
Yox, əgər hərbi kafedralara əvvəllər olduğu kimi, leytenant rütbəsi almaq və ehtiyatda qalan zabit statusu əldə etmək üçün yanaşılacaqsa, bu korrupsiyaya yol açacaq. Azərbaycanda həm Milli Müdafiə Universiteti, həm Ali Hərbi Məktəb, həm də Naxçıvanski adına hərbi lisey bu sahədə kadr hazırlığını normal həyata keçirir.
Ona görə də hazırda hərbi kafedraların bərpa edilməsinə ehtiyac yoxdur. Həmçinin qeyd edim ki, hərbi biliklərin inkişafı baxımından, sadəcə, bəylər deyil, eyni zamanda, xanımlara da müəyyən hərbi bilik və bacarıqların verilməsi müsbət hal olardı. Əgər hərbi kafedralar bu istiqamətdə ilkin biliklər verərsə, onların yenidən təşkilini nəzərdən keçirmək olar”.
Nuray Məmmədzadə
www.yenicag.az