Bir qrup valideyn Milli Məclisə müraciət ünvanlayıb.
Həmin müraciətin mətnini təqdim edirik:
“AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ
100 VALİDEYN ADINDAN
A Ç I Q M Ə K T U B
Hörmətli millət vəkilləri!
Bu məktubu Sizə ünvanlamağımızın səbəbi kifayət qədər səlahiyyətə sahib olmağınızdır.
Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək məsuliyyətli, mənəvi qüvvə və xərc tələb edən bir işdir. Artıq uzun illərdir ki, ölkəmizdə aylıq “uşaq pulu” – dövlət tərəfindən verilən müavinət ləğv edilib. Keçən müddətdə bu qərar ailələrdə uşaqların say artımına həm də sağlam qidalanmağına mənfi təsir göstərib. Hazırda gənc ailələrdə bir və ya iki uşaq doğulur. Heç bir valideyn üçüncü uşaq dünyaya gətirmək istəmir. Buna səbəb isə heç şübhəsiz ki, uşaqların qida, ləvazimat və geyimlərinin baha olması, uşaqlar üçün tibbi sığortanın yox dərəcəsində olması, bağçalara, məktəblərə qəbul qaydalarının o qədər də şəffaf olmaması, eynilə də uşaq poliklinikalarında uşaqların qəbulunun və davamlı müayinəsinin pulsuz aparılmamasıdır.
Fikrimizi sadə bir misalla əsaslandıraq: Hər dəfə; işıq, qaz, su, nəqliyyat və bəzi məişət xidmətlərinə görə qiymət artımları zamanı xarici ölkələrdə də həmin xidmətlərin baha olması barədə arqument gətirilir, amma sözügedən ölkələrdə uşaqların təminatı, onlara verilən müavinət ilə bizdəki bu sahəyə aid sosial xidmət niyə müqayisə edilmir?
Xatırladırıq ki, Rusiyada yeni doğulan uşaqlara, hətta ikinci doğulan uşaqlara da əlavə 250 min rubla yaxın vəsait xərclənir. Ancaq bu vəsait birbaşa pul şəklində yox, həmin ailənin sosial vəziyyətinin yaxşılaşdırılmasına və uşağın təhsil xərclərinə yönləndirilir.
Türkiyədə yeni doğulan uşağa görə 300 Tl, ikinci uşağa 400 Tl, üçüncü və sonrakılara 600 Tl birdəfəlik yardım edilir. Qız uşaqlarına 18 yaşına qədər 55 lirə, oğlanlara 50 lirə verilir. Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət nəzərdə tutulub. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödənilir. Belarusiyada birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət verilir.
Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir. Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro müavinət verilir. Avstriyada ilk doğulan körpənin 10 yaşına çatana qədər ailəsi 130 avro, 19 yaşına qədər 153 avro alır. Dünyaya gələn ikinci uşağa görə müvafiq olaraq 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət verilir. Fransada hətta uşaq dünyaya gəlməmiş anası birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşağı gözləyən anaya isə 130 avro müavinət verilir. Əgər ailədə üçüncü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən 975 avro pul alır. Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. İki uşaq üçün bu məbləğ 680 avro, üç uşaq üçün 1550, dörd uşaq üçün 2420, beş uşaq üçün 3300 avro təşkil edir. Əgər uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə 870 avro ödənilir. 10 yaşdan 15 yaşa qədər olan uşaqların hər biri üçün əlavə 192 avro, 15 yaşdan yuxarı uşaqlar üçün isə əlavə 339 avro pul ödənir. ABŞ-da hər uşağa görə aylıq müavinət təxminən 680 dollar təşkil edir. Böyük Britaniyada uşağa görə müavinət 500 funt sterlinqdən artıqdır. İsveçdə hər uşaq üçün 18 yaşına qədər 185 dollar müavinət ödənilir. Üçdən artıq uşağı olan ailələr üçün əlavə müavinətlər də verilir.
Finlandiyada hər doğulan uşağa görə anaya bir neçə yüz avroluq paket təqdim edilir. Bu paket bir yaşına qədər uşağın bütün xərclərini ödəyir. Hindistan kimi əhalisi çox olan ölkədə uşaq doğumunu stimullaşdırmaq aktual olmasa da hökumət azuqə çatışmazlığını nəzərə alıb hamilələr və südəmər körpələri olan qadınlara aylıq 99 dollar müavinət ayırmaq, eyni zamanda 14 yaşa qədər uşaqları büdcə hesabına isti yeməklə təmin etmək barədə qərar vermişdir. Azərbaycanda isə doğuşa görə bir dəfəlik müavinət 109 Azn, aylıq uşaq pulu isə ümumiyyətlə ləğv edilmişdir. Gördüyünüz kimi xarici ölkələrdə uşaqlara hansısa formada müavinət ayrılır. Azərbaycanda isə hansısa səbəbdən buna ehtiyac görülmür.
Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə görə, Azərbaycan alçaqboylu ölkə hesab edilir. 200 ölkə arasında qadınlara görə 113, kişilərə görə 115-ci yerdəyik. Azərbaycan Pediatriya İnstitutunun açıqladığı rəqəmlərə görə, uşaqların boy artımında 6 faiz gecikmə var. Həmin rəqəmlərə görə uşaqların 55 faizi ana südü ilə qidalanmır. Əlbəttə, bu da ümumi inkişafa təsir edən məqamlardandır. Avropada son illərdə insanların boyu 11 faiz artıb. Bizim boyumuz artmaq əvəzinə azalıb. Avropada orta boy 179 sm, bizdə isə 172 sm –dir. Boy artımında gecikmə təkcə fiziki inkişafın zəif olması deyil, həm də əqli inkişafa da təsir edir.
Azərbaycanda uşaqların boy artımında gecikmənin əsas səbəbi maddi vəziyyəti yaxşı olmayan ailələrdə ananın düzgün qidalanmaması və bu səbəbdən də uşağı ana südü ilə təmin edə bilməməsidir. Həmin valideyn uşaq qidaları almalıdır ki, ölkəmizdə bu qidalar da çox bahadır. Uşaqların inkişafı, sağlam qidalanaraq böyüməsi üçün uşaq pulunun bərpasına ehtiyac var. Sosial vəziyyəti ağır olan ailələrə belə bir yardımın olması təbii ki, böyük dəstək olacaq. Çünki uşaqların aylıq xərcləri kifayət qədər yüksəkdir. Bir çox hesablamalar onu göstərir ki, hətta uşağa yaşlı insandan daha çox xərc tələb olunur. Çünki onun saxlanma şəraiti, xüsusilə yeməkləri, tibbi xərcləri ilə bağlı bir çox xərclərin olması ailələrə böyük maddi yük olur. Valideynlərin əmək haqqından asılı olmayaraq, uşaqların normal qidalanması üçün hər uşağa görə ayda 100 manat verilməli və doğuşa görə birdəfəlik müavinətin miqdarı ən az 1000 manat olmalıdır ki, valideynlər uşaqların doğum xərclərini qarşılaya, onların normal qidalanmasını və sağlam böyüməsini təmin edə bilsin. Bugün hər doğulan uşaq cinsindən asılı olmayaraq sabahın əsgəridir. Sabahın əsgərlərini sağlam və güclü yetişdirmək üçün uşaq pulunun bərpa edilməsi vacibdir.
Hörmətli millət vəkilləri!
Ümummilli lider Heydər Əliyev deyirdi:
“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.
Ümid edirik ki, sizlər uşaq pulunun ləğvi haqqında qərara yenidən baxacaqsınız, çünki biz; gələcəyin Azərbaycan əsgərini böyüdən valideynlər bu məsələyə yenidən baxılmasını və uşaq pulunun bərpasının vacibliyini anlayır və sizin də bu məsələyə səssiz qalmamağınızı istəyirik”.
www.yenicag.az