Ünsiyyət insanlar arasında ən gözəl anlaşma predmetidir. Və bu ünsiyyət uşaq vaxtlarından formalaşır. Müasir dövrdə isə uşaqlarda bir çox problemlərlə yanaşı “gec dilaçma” problemi də yaranıb. Bəs görəsən bunun səbəbi nədir? Məsələnin kökü haradan qaynaqlanır?
“Müasir Psixologiya Mərkəzi”nin direktoru, klinik-psixoloq Aidə Sübhanın sözlərinə görə, burada bir çox amillər mövcuddur:
“Bu gün uşaqlarda səslərlə bağlı problemlər var. Son zamanlar uşaqların nitqinin gec açılması kimi hallar tez-tez müşahidə olunur. Bununla bağlı bizim mərkəzə də birbaşa müraciətlər gəlir. Artıq valideynlər də tam olaraq dərk edirlər ki, uşaqlar lazımi yaşda lazımi səsləri çıxartmalıdırlar. Əks halda uşaqlar arasında sosial adaptasiya mümkün olmur, bu da ünsiyyət çətinliyi və komplekslər yaradır. Bəzən belə uşaqlarda bir az şirin danışıq meydana gəlir, bunu da həmyaşıdları öz aralarında lağ predmetinə çevirirlər. Təbii ki, bu prosesdə köməyə loqopedlər gəlir. Biz psixoloqlar isə bu məsələdə daha çox komplekslərin aradan götürülməsi, sosial adaptasiya probleminin aradan qaldırılması, uşağın ünsiyyətə cəlb olunması məsələlərini işləyirik. O ki qaldı nitq probleminin kökünün haradan qaynaqlanmasına, qeyd edim ki, burada genetik amillər əsas rol oynayır. Bura həm də ananın hamiləlik vaxtı həddən artıq müalicə olunmasını, havasız otaq şəraitində qalmasını, hərəkətsizliyi, travmatik doğuşların baş verməsi, eyni zamanda uşaqda hansısa xəstəlikdən sonra yaranan fəsad aiddir. Son zamanlar valideynlərin şikayət etdiyi burun –boğaz ətləri də “gec dilaçma” məsələsində çox ciddi rol oynayır. Onlar nəinki nitqin, hətta diqqətin formalaşmasında da çox ciddi rol oynayır. Sözsüz ki, bunun da çarəsi var; o da ki, mütləq şəkildə vaxtında müayinə və müalicədir.
www.yenicag.az