Uşaqları pis vərdişə təhrik edən SİQARET KONFETLƏR – AİB sədrindən əhaliyə ÇAĞIRIŞ 

Azərbaycanda market və mağazalarda siqaret formalı konfetlər satılır. Üzərində heç bir əmtəə nişanı, istehsalçı adı, istehsal tarixi qeyd olunmayan bu konfetlər uşaqları pis vərdişlərə sövq edir.

Yenicag.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov üzərində heç bir əmtəə nişanı, istehsalçı adı, istehsal tarixi qeyd olunmayan məhsulların satışını Nazirlər Kabinetinin qərarının pozulması kimi dəyərləndirib.

Birlik sədri vətəndaşlara çağırış edərək, bu kimi hallarla rastlaşdıqları təqdirdə onları dərhal əlaqədar qurumlara müraciət etməyə səsləyib:

“Təəssüf ki, bizim qurumda bu konfetlərdən nümunələr yoxdur. Amma Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, Azərbaycan əmtəə bazarında satılan bütün malların üzərində yarlık olmalı, istehsalçının adı, istehsal tarixi, son yararlılıq müddəti qeyd olunmalıdır.

Bu, Nazirlər Kabinetinin qərarının pozulması, istehlakçıların aldadılmasıdır. Belə hallarla qarşılaşan istehlakçı yaxşı olardı ki, dərhal 195 çağrı mərkəzinə zəng edib İqtisadiyyat Nazirliyinə məlumat versin. Çünki bu, yolverilməzdir”.

Cəvahir