Valideynlərlə sabiq səhiyyə naziri arasında parlamentdə DAVA DÜŞDÜ – “Gəlin, övladınızı götürüb dəfn edin”
Ermənistan parlamentində keçirilən qapalı iclasda itkin düşmüş əsgərlərin valideynləri keçmiş səhiyyə naziri Arsen Torosyan və Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza Mərkəzinin keçmiş direktoru Mher Bişaryanın iclasa qatılmasını tələb ediblər.
Yenicag.az “Joqovurd”a istinadla xəbər verir ki, valideynlər rəsmi şəxslərin onlara izahat verməsini istəyiblər.
Nəşr yazır ki, xüsusilə əsgərlərin meyitlərinin tanınması ilə bağlı yaranmış qarışıqlığın səbəbləri, bir meyitə aid olduğu iddia edilən üç əl məsələsi və bəzi ailələrə “gəlin, övladınızı götürüb dəfn edin” deyilməsi ilə bağlı suallar cavabsız qalıb.
Buna baxmayaraq, parlamentin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri Andranik Koçaryan Arsen Torosyanı iclasa çağırmayıb və onun valideynlərə izahat verməsinə imkan yaratmayıb.
Bundan başqa, Ermənistan İstintaq Komitəsinin rəhbəri Artur Poqosyan da itkin düşən əsgərlərin yaxınlarının suallarına cavab verə bilməyib. Məsələ ilə bağlı yeni məlumat təqdim edə bilməməsi valideynlərin narazılığına səbəb olub. Valideynlər meyitlərin DNT analizləri ilə bağlı suallara məhz Arsen Torosyandan cavab almaq istəsələr də, Poqosyanın məlumatsızlığı və hazırlıqsızlığı etirazları artırıb.
Parlament üzvü müharibədə oğlunu itirmiş Geqam Nazaryanın valideynlərə “reallıqla üzləşmək” və “övladlarını sağ axtarmamağı” tövsiyə etməsi isə zalda gərginlik yaradıb. Qəzəblənən valideynlər Nazaryanı sərt şəkildə etirazlarla qarşılayıblar.
Qəzetin mənbələrinin bildirdiyinə görə, Andranik Koçaryanın təşkil etdiyi iclas valideynlərin suallarına cavab vermədən başa çatıb. Ailələr isə hökuməti onların hissləri ilə oynamaqda ittiham edərək, günün sonunda Koçaryanı da sərt şəkildə tənqid ediblər.
Rafi Müslümov