Bir neçə ay əvvəl “Vaqner”in əməliyyatları nəticəsində “Əl-Qaidə” və Qərbin dəstəklədiyi Tuareq separatçıları Əlcəzair sərhədində sıxışıb qalmışdılar.
Yenicag.az xəbər verir ki, bu barədə “Military Talk Live” kanalı məlumat yayıb.
Kanal yazır ki, “Vaqner” və Mali əsgərləri Əlcəzair sərhədində yerləşən n-Afarak və Tin Zautin kəndlərində separatçılara qarşı reyd və əməliyyatlar həyata keçirib.
Məlumata görə, iyulun 25-də “Əl-Qaidə” ilə əlaqəsi olan “Azawad” separatçıları Tin Zautindən geri çəkilərək “Vaqner” və Mali əsgərlərini pusquya salmaq üçün hərəkətə keçiblər.
“Mali kəşfiyyatı bu pusqu haqqında məlumat toplaya bilib. Kəşfiyyat məlumatlarından sonra “Vaqner” əməliyyata başlamağa hazırlaşsa da, güclü qum fırtınası səbəbindən onlar geri çəkilib.
İyulun 26-da “Vaqner” və Mali qüvvələri birgə əməliyyata başlayıblar. Bu zaman “Azawad”lı separatçılar qum fırtınası səbəbindən ciddi çətinliklər yaşayan əsgərlərə arxadan hücum edərək, 5-6 texnikanı məhv ediblər. Təxminən 25-30 Mali əsgəri və “Vaqner” personalı öldürülüb. Dəstəyə gedən “Vaqner”in Mi-24 helikopteri isə fırtına səbəbindən məcburi eniş edib. Təcili eniş edən helikopter separatçıların açdığı atəşlə məhv edilib”.
Qeyd olunub ki, hücumdan geri çəkilən “Vaqner” və Mali əsgərləri Kidal şəhərinə qayıtmağa çalışarkən, İŞİD terrorçuları yolda onlara pusqu quraraq, yenidən hücuma keçiblər:
“Yekun olaraq, 1 helikopter və 6 texnika məhv edilib, təxminən 30 Mali əsgəri və “Vaqner” personalı öldürülüb, bir qrup əsgər əsir götürülüb, 20-dən çox separatçı isə zərərsizləşdirilib. Bundan əlavə, “Vaqner”in müxbiri, “Grey Zone” “Telegram” kanalının idarə edən şəxsin də öldürüldüyü bildirilib. Bir müddət sonra “Vaqner”in genişmiqyaslı antiterror əməliyyatına başlayacağı gözlənilir”.
Rafi Müslümov
www.yenicag.az