Vaşinqton Bəyannaməsi MDB-də siyasi dalğalanma YARATDI – TƏHLİL

media-hightechnic-468x90

Azərbaycan, Ermənistan və ABŞ tərəfindən imzalanan Vaşinqton Bəyannaməsi postsovet məkanında ciddi siyasi rezonans yaradıb. Sənəd həm geocoğrafi, həm də geosiyasi baxımdan regionun yenidən qurulma prosesinin davam etdiyini göstərir.

Yenicag.az xəbər verir ki, bu barədə “Nezavisimaya Qazeta” nəşrinin analitik məqaləsində qeyd olunub.

Bildirilir ki, bir sıra MDB ölkələri ABŞ prezidenti Donald Trampın vasitəçilik missiyasını yüksək qiymətləndirib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze sənədin imzalanmasını regionda sabitlik və iqtisadi inkişafın yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirib. Qazaxıstanda isə Vaşinqtonda uzun illər münaqişə vəziyyətində olmuş Cənubi Qafqaz ölkələrinin liderlərinin görüşü müsbət qarşılanıb. Prezident Kasım-Jomart Tokayev bəyannamənin regionda geniş beynəlxalq əməkdaşlığa yol açacağını bildirib.

Məlumata görə, Özbəkistan Xarici İşlər Nazirliyi də bəyan edib ki, Cənubi Qafqazda tez bir zamanda davamlı sülhün bərqərar olması iri nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradacaq. MDB-dən çıxmaq üzrə olan Moldova isə ABŞ-nin köməyi ilə Dnestryanı probleminin həlli imkanlarını görür.

Qazax politoloq Saqit Bakirov hesab edir ki, bəyannamə həm Azərbaycan, həm Ermənistan, həm də bütün MDB ölkələri üçün faydalıdır. Onun fikrincə, bu sənəd “Orta Dəhliz” layihəsinin inkişafı üçün də əlverişli şərait yaradır və Vaşinqtonun Avrasiya məsələlərinə, infrastruktur və təhlükəsizlik sahələrinə daha fəal şəkildə qoşulduğunu göstərir.

Məqalədə vurğulanır ki, yeni əməkdaşlıq formatlarının yaranması MDB ölkələrinin xarici siyasətində yeni üfüqlər açır. Zəngəzur dəhlizinin ABŞ nəzarətinə verilməsi isə Ermənistandakı Rusiya 102-ci hərbi bazasını NATO ilə qonşu vəziyyətə salacaq. “Tramp yolu” adlandırılan layihənin işə düşməsi ilə Avrasiya İqtisadi İttifaqı ilə İran arasında quru əlaqəsinin kəsiləcəyi qeyd olunur.

Vaşinqton Bəyannaməsinin Cənubi Qafqazda güc balansının dəyişməsinə start verəcəyi proqnozlaşdırılır. Donald Trampın şəxsi iştirakı və sənədin Ağ Evdə imzalanması ABŞ-nin uzun illər Rusiya təsirində olan bir regiona uğurla daxil olduğunu göstərir. ABŞ prezidenti qeyd edib ki, imzalanmış razılaşmalar iki ölkə arasında mühüm nəqliyyat marşrutlarının yenidən açılmasına və regionda ABŞ təsirinin güclənməsinə imkan verəcək.

Hərçənd, bəyannamə hüquqi baxımdan məcburi qüvvəyə malik deyil, lakin onun təsirlərinin təkcə Cənubi Qafqazda deyil, bütün MDB-də hiss olunacağı bildirilir. Azərbaycan və Ermənistanın isə artıq ənənəvi rus təsir dairəsindən çıxmaqda olduğu vurğulanır.

Məqalədə həmçinin qeyd olunur ki, bəzi MDB ölkələri ABŞ kimi yeni oyunçunun meydana çıxmasını müsbət qarşılayır və bunun onlar üçün hansı imkanlar yaradacağını hesablayır. Müəllifin fikrincə, bu proses həm MDB, həm də Avrasiya İqtisadi İttifaqında dəyişikliklərə səbəb olacaq. Yaxın zamanda Alyaskada keçiriləcək Rusiya-ABŞ prezidentləri görüşünün isə Ukrayna cəbhəsi, beynəlxalq təşkilatlar və qlobal siyasət kontekstində mühüm aydınlıqlar gətirəcəyi gözlənilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa