Vaşinqton görüşündən SONRA: Azərbaycan daha bir diplomatik uğura İMZA ATDI

media-hightechnic-468x90

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri yalnız ikitərəfli münasibətlər müstəvisində deyil, həm də regional sülh gündəliyinin formalaşması baxımından tarixi dönüş nöqtəsinə çevrildi. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutan bu səfər illərdir davam edən gərgin proseslərdə Azərbaycanın diplomatik üstünlüyünü bir daha nümayiş etdirdi.

İki istiqamətli gündəm

Vaşinqton danışıqlarının əsas konturları iki mühüm istiqamət ətrafında cəmləşmişdi: Azərbaycan-ABŞ münasibətlərinin strateji səviyyəyə yüksəldilməsi və Azərbaycan-Ermənistan sülh sazişinə dair yekun addımların atılması.

İkitərəfli əlaqələr kontekstində diqqətçəkən məqam ondan ibarətdir ki, Prezident İlham Əliyev hələ 2024-cü ilin yayında, Trampın hələ namizəd olduğu dövrdə Şuşada keçirilən Qlobal Media Forumunda ona açıq şəkildə simpatiya ifadə etmişdi. Bu, o zaman riskli görünə biləcək, lakin strateji baxımdan uzaqgörən bir siyasi jest idi. Trampın yenidən Ağ Evə qayıdışı isə bu şəxsi siyasi körpünü dövlətlərarası strateji tərəfdaşlığa çevirdi.

Yeni strateji əməkdaşlıq formatı

Səfər çərçivəsində imzalanan Anlaşma Memorandumu ikitərəfli münasibətləri rəsmi olaraq “strateji tərəfdaşlıq” səviyyəsinə qaldırır. Bu tərəfdaşlığın üç əsas sütunu var:

Enerji, ticarət və tranzit əlaqələri – Azərbaycanın enerji resurslarının və tranzit imkanlarının ABŞ texnologiyası ilə gücləndirilməsi;

Rəqəmsal iqtisadiyyat və süni intellekt – texnoloji investisiyaların ölkəmizə yönləndirilməsi;

Təhlükəsizlik və müdafiə – silah satışı və terrorizmə qarşı mübarizədə əməkdaşlıq.

Yeni yaradılacaq Strateji İşçi Qrupu bu istiqamətləri praktiki layihələrə çevirmək üçün fəaliyyət göstərəcək. Siyasi baxımdan isə ən önəmli addım isə Trampın 907-ci düzəlişin icrasını dayandırmasıdır. Bu, ABŞ-ın 30 ildən çoxdur Azərbaycana qarşı tətbiq etdiyi qeyri-ədalətli məhdudiyyətlərin faktiki olaraq aradan qaldırılması deməkdir.

Sülh gündəliyində tarixi irəliləyiş

Vaşinqtonda Trampın vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında imzalanan Birgə Bəyannamə bölgənin siyasi xəritəsini dəyişdirəcək bir sənəd kimi qiymətləndirilə bilər. İmzalanan mətn iki kritik şərti əhatə edir: Bunlardan biri ATƏT-in Minsk qrupunun ləğvi üçün iki ölkənin birgə müraciətidirsə, o birisi də Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması məsələsidir.

Bununla yanaşı, ölkənin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsini təsbit edən razılaşma – illərdir müzakirə edilən Zəngəzur dəhlizinin reallaşmasına hüquqi zəmin yaradır. Dəhlizin açılması ilə bağlı ABŞ və Ermənistan arasında imzalanan ayrıca sazişdə Trampın qarant rolunu üzərinə götürməsi isə prosesə beynəlxalq təminat verir.

Diplomatik və hərbi balans

Azərbaycanın son illərdəki siyasi xətti ardıcıl olaraq hərbi üstünlüyün diplomatik nəticələrə çevrilməsi strategiyasına əsaslanır. 2020-ci ilin Vətən müharibəsi, 2022-ci ildəki “Qisas” əməliyyatı, 2023-cü ilin 24 saatlıq antiterror əməliyyatı – hamısı bir hədəfə xidmət edirdi: ərazi bütövlüyünün tam bərpası və regionda yeni reallığın rəsmiləşdirilməsi. Vaşinqton Birgə Bəyannaməsi isə bu reallığın beynəlxalq təsdiqidir.

Qərbin təzyiqlərinə qarşı cavab

ABŞ-də Bayden-Blinken administrasiyası, Fransada Makron hökuməti və Avropa Parlamentindəki ermənipərəst lobbi illərdir Azərbaycana qarşı siyasi təzyiq və informasiya hücumları həyata keçirirdi. Lakin Vaşinqton görüşü göstərdi ki, bütün bu təzyiqlərə baxmayaraq, diplomatik iradə və güc balansı Azərbaycanın tərəfindədir. Bu, həm də Qərbin “erməni kartı”nın iflası deməkdir.

Vaşinqtondan verilən mesaj

Odur ki, Vaşinqton səfəri Azərbaycanın xarici siyasət tarixində həm ikitərəfli, həm də regional diplomatiya baxımından dönüş nöqtəsi kimi qalacaq. Prezident İlham Əliyev təkcə müharibənin qalibi deyil, həm də sülh prosesinin memarı kimi öz adını regionun siyasi arxivinə yazdırdı. Zəngəzur dəhlizi, Minsk qrupunun ləğvi, konstitusiya dəyişiklikləri və 907-ci düzəlişin dayandırılması – bunların hamısı bir səfərin siyasi məhsuludur. Bu səfər həm də göstərdi ki, Azərbaycan artıq Cənubi Qafqazda oyunçu deyil, oyunun qaydalarını müəyyən edən tərəfdir.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa