Vaşinqtonu əsəbləşdirmədən Pekinə yaxınlaşma modeli: Almanlar Çin biznesini itirmək istəmir
Almaniya kansleri Fridrix Merts fevralın 25-də Çinə rəsmi səfərə gedib. Bu, onun kansler olduqdan sonra Çinə ilk səfəridir. Səfər göstərir ki, Almaniya Çinlə münasibətlərdə daha real və praktik yanaşmaya üstünlük verməyə başlayıb. Çünki Almaniya iqtisadi baxımdan çətin dövrdən keçir və Çin bazarı onun üçün hələ də çox vacibdir.
Son illər Almaniyada Çinlə iqtisadi asılılığı azaltmaq barədə çox danışılırdı. Amma rəqəmlər başqa mənzərə göstərir. 2025-ci ildə Almaniya ilə Çin arasında ticarət dövriyyəsi 253 milyard avro olub. Çin yenə də Almaniyanın ən böyük ticarət tərəfdaşıdır.

Ən böyük çətinlik avtomobil sahəsindədir. Alman maşınlarının Çinə ixracı son illərdə xeyli azalıb. Çin istehsalçıları bazarda güclənib. Amma buna baxmayaraq Alman şirkətləri Çinə sərmayə qoymağa davam edir. Volkswagen, BMW və Mercedes-Benz artıq Çində sadəcə maşın satmır, orada zavodlar və tədqiqat mərkəzləri açır.
Merts bu səfərə tək getməyib. Onunla birlikdə 30-a yaxın böyük şirkətin rəhbəri də Çinə gedib. Siemens, Bayer, Adidas və Airbus kimi şirkətlər heyətdə yer alıb. Bu da göstərir ki, Alman biznesi Çin bazarını itirmək istəmir.
Rəqəmsal sahəyə maraq
Səfər çərçivəsində Merts Hançjou şəhərinə də gedib. Bu şəhər Çinin texnologiya mərkəzlərindən biridir. Burada süni intellekt və robot texnologiyaları sürətlə inkişaf edir.
Almaniya uzun illər sənaye və mexanika sahəsində güclü olub. Amma rəqəmsal texnologiyada Çin daha sürətlə irəliləyir. Buna görə Almaniya Çinlə bu sahədə əməkdaşlıq etmək istəyir. İndi vəziyyət dəyişib: əvvəl Almaniya texnologiya verirdi, Çin istehsal edirdi. İndi isə Çin də yüksək texnologiya təklif edir.
ABŞ və balans siyasəti
Bu səfər həm də ABŞ-la münasibətlər fonunda baş verir. Vaşinqtonda proteksionist siyasət güclənib və bu, Avropa ölkələrinə də təsir edir. Almaniya anlayır ki, yalnız ABŞ-a güvənmək risklidir. Ona görə Çinlə münasibətləri qorumağa çalışır.
Amma Almaniya üçün vəziyyət asan deyil. Bir tərəfdən Çinlə iqtisadi əlaqələr vacibdir, digər tərəfdən isə siyasi baxımdan ABŞ-la münasibətlər də önəmlidir. Berlin bu iki istiqamət arasında balans tapmağa çalışır.
Bu səfər göstərir ki, Almaniya Çinlə münasibətlərdə daha praqmatik yəni daha real və maraqlara əsaslanan siyasət yürütmək istəyir. Gələcəkdə bu siyasətin davam edib etməyəcəyi isə həm daxili, həm də beynəlxalq təzyiqlərdən asılı olacaq.
Qeyd: Qaiser Navab (Qaiser Nawab) Asiya, Afrika və Latın Amerikası üzrə əməkdaşlıq və innovasiyanı təşviq edən beynəlxalq platforma olan Davamlı İnkişaf üçün Kəmər və Yol Təşəbbüsünün (BRISD) sədridir.













