Vətəndaşlar və biznes üçün XİLAS FORMULU: “Nəticədə tərəflərdən heç biri zərər görməyəcək” – İqtisadçıdan TƏKLİF
“Həm əhali, həm də biznes üçün kredit güzəştləri olmasa, sonradan daha ciddi problemlər üzə çıxacaq”.
Yenicag.az xəbər verir ki, bu sözləri karantin rejimində qüvvəyə minən məhdudiyyətlərin problemli kreditlərlə bağlı vəziyyətə mümkün təsirlərini şərh edən iqtisadçı Natiq Cəfərli bildirib.
Natiq Cəfərlinin fikrincə, qabaqlayıcı tədbirlərin görülməməsi problemli kreditlərin həcminin payızda kəskin artmasına səbəb olacaq:
“Problemli kreditlərin həcminin artmaması üçün indidən 6 aylıq bütün kredit faizlərinə tətil elan edilməlidir. Banklara dəyən ziyanın əvəzinə isə onları 1 il müddətinə vergidən azad etmək və paralel olaraq, Mərkəzi Bankdan 1 illik 0 faizlə kredit xətti açmaq lazımdır.
6 ay faizləri güzəşt edən banklar həm vergi tətilinə, həm də 1 illik 0 faizlə aldıqları vəsaiti payızdan başlayaraq, həm istehlak, həm də biznes kreditlərinə 10-12 faizlə yönətsələr, 6 aylıq bütün itkilərini geri qaytaracaqlar.
Daha sonra isə Mərkəzi Bankdan aldıqları vəsaiti, ana borcu qaytara biləcəklər. Nəticədə nə büdcəyə, nə Mərkəzi Bankın ehtiyatlarına, nə vətəndaşa, nə də biznesə ziyan dəyməyəcək”.
Gülşən Şərif