“Muğan Bank”ın birdən-birə bağlanması hesabatlılıqda problemlərin yaşandığından xəbər verir”.
Bu fikirləri “Muğan Bank”ın qəfil bağlanması fonunda ölkənin bank sektorunda yaranmış mövcud olan vəziyyəti dəyərləndirən iqtisadçı Rəşad Həsənov Yenicag.az-a açıqlamasında qeyd edib.
Onun sözlərinə görə, sözügedən bankla əlaqədar hesabatlılıqda çox ciddi problemlər olub və nəzarət-monitorinq tədbirləri nəticəsində başqa ciddi nöqsanlar üzə çıxarılıb:
“Bu məsələyə bir neçə aspektdən yanaşmaq olar. Mərkəzi Bankın sədri ölkənin əsas maliyyə qurumunun rəhbəri kimi, ümumilikdə dürüst olmaqla yanaşı, cəmiyyətə pozitiv mesajlar verməlidir. Bank böhranlarının özünəməxsus xüsusiyyətlərindən biri də bu sahədə gözlənilməz “patrtlayış”ın baş verməsidir. Bu da əsasən, informasiya ilə əlaqəli məsələdir.
Yəni müştərilər birdən-birə hər hansı bir narahatedici mesajlar aldıqları təqdirdə, banklardan əmanətlərini kütləvi şəkildə geri çəkmək istəyirlər. O bankllar öz öhdəliklərini yerinə yetirə bilmirlər və defolt riski yaranır. Bütövlükdə bu sseneari fonunda Mərkəzi Bank sədrinin əhalidə təşviş yaratmamaq üçün narahatedici ifadələrdən çəkinməsi anlaşılandır.
Məsələnin ikinci tərəfinə gəlincə, mən düşünmürəm ki, bankın bağlanması ilə bağlı qərar anidən ortaya atılıb. Adıçəkilən bankın bu sektorda çəkisi o qədər də böyük deyildi. Ümumiyyətlə, aktivlər, depozit strukturunda pay və sair göstəricilərə baxdıqda, onlar 1-2 faiz arasında dəyişir. Çox güman ki, Mərkəzi Bank sədri açıqlama verərkən bu göstəriciləri nəzərə alaraq belə bir mövqe sərgiləyib.
Başqa narahatedici məqam bank sektorunda hesabatlılıq məsələsidir. Xatırlasaq, 2020-ci ildə 4 bank fəaliyyətini dayandırdı və o barədə bu məzmunda açıqlama verildi ki, müvafiq hesabatlarda həmin bankların məcmu-kapital tələbini yerinə yetirdikləri göstərilsə də, monitorinq qiymətləndirilməsi bunun tam əksini ortaya çıxardı. Bütün bunlar da bankların hesabatlarında yer alan məlumatlara skeptik yanaşma zərurəti doğurdu.
Ötən gün “Muğan Bank” tərəfindən verilən açıqlamada yer alan məlumatlar təkzib edildi. Yəni göründüyü qədər, hesabatlılıqda çox ciddi problem var və nəzarət-monitorinq tədbirləri nəticəsində ciddi nöqsanlar üzə çıxarılıb. “Muğan Bank” ictimai reytinqi aşağı olan banklar sırasında olduğundan, orada çox riskli kreditləşmə, korporativ idarəetmədə ciddi səhvlər kimi mənfi məqamlar var idi. Lakin bankın birdən-birə bağlanması hesabatlılıqda problemlərin yaşandığından xəbər verir”.
Yusif Səmədzadə
www.yenicag.az