Vəziyyət nəzarətdən ÇIXIR: “Müharibə baş versə belə...”
“Bütün çətinliklər və anlaşmazlıqlara rəğmən, bu iki dövlət arasında razılaşma əldə oluna bilər”.
Bunu Yenicag.az-a açıqlamasında son günlər gərginləşməkdə olan ABŞ-İran münasibətlərinin hərbi münaqişəyə çevrilməsi ehtimalından danışan politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, Prezident Donald Trampın dövründə ABŞ-nin İranı danışıqlara razı salmaq üçün bütün vasitələrdən istifadə edəcəyi məlum idi:
“Respublikaçıların hakimiyyəti dövrü Vaşinqton-Tehran münasibətlərində yeni mərhələnin başlanması üçün vasitə hesab edilir. Xüsusilə Co Baydenin, yəni Demokratların dövründə ABŞ və İran arasındakı kəskin konfrontasiya pik həddə çatdı. Ancaq Tramp müəyyən mənada hadisələri qabaqlamağa çalışır. Bunun üçün isə bir çox üsullardan istifadə edir”.
Müsahibimiz əmindir ki, ABŞ və İran arasında müharibə ehtimalı çox aşağıdır:
“Bütün çətinliklər və anlaşmazlıqlara rəğmən ,bu iki dövlət arasında razılaşma əldə oluna bilər. Əlavə olaraq, ABŞ və İran arasında müharibə baş versə belə, təsiri çox geniş hiss edilər. Yəni dünya iqtisadiyyatı üçün ciddi kataklizmlərə səbəb ola bilər.
Hazırkı geosiyasi proseslər dünyada yeni savaşları sərf-nəzər edir. Çünki bir yanda Rusiya-Ukrayna müharibəsinin, digər yanda isə Yaxın Şərq böhranının həlli ilə bağlı Respublikaçıların kəskin mövqeyi ABŞ-İran müharibəsi ehtimallarını azaldır”.
Nəsimi Ələsgərli