VHP-dən gediş haqqı ilə bağlı BƏYANAT: "Qiymət artımı ilə bağlı son qərar qüvvəyə minməməlidir"

media-hightechnic-468x90

Vətəndaş Həmrəyliyi Partiyası metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımı ilə bağlı bəyanat yayıb.

Yenicag.az xəbər verir ki, bəyanatda deyilir:

“Oktyabrın 1-dən Azərbaycanda avtobus və metroda gediş haqqı 60 qəpik olacaq. Bu, ictimai nəqliyyatın qiymətində 20 faiz artım deməkdir. Əvvəllər belə qərarları Tarif Şurası verirdi, indi isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qiymətləri artırıb.

Vətəndaş Həmrəyliyi Partiyası bu qərarı qəti şəkildə pisləyərək bildirir ki, metroda və ictimai nəqliyyatda sərnişin daşımalarında qiymət artımı digər sahələrdə də qiymət artımına gətirib çıxaracaq. Əhalinin bütün təbəqələri yeni qiymət artımının doğuracağı nəticələrdən əziyyət çəkəcək, sosial durumu onsuz da ağır olan aztəminatlı ailələrin vəziyyəti bir az da ağırlaşacaq və bu həssas dönəmdə ölkədə gərginliyin artmasına səbəb olacaq.

Rəsmi açıqlamada qiymət artımı sırf istehsal xərclərinin yüksəlməsi ilə deyil, ictimai nəqliyyatın struktur olaraq modernləşdirilməsi, daha dayanıqlı maliyyə modeli qurulması və operatorların xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə həyata keçirildiyi bildirilir. Lakin bu vaxta qədər nəqliyyatda qiymət artımı xidmətdə heç bir keyfiyyət dəyişikliyi yaratmamışdır.

İqtisadi məntiqə görə istənilən sahədə rentabellik olmadıqda ilk görüləcək iş xərcləri azaltmaqdır. Buna görə də dövlət büdcəsindən subsidiya alan metroda və sərnişindaşımada şəffaflıq və hesabatlıq təmin edilməli, 1 sərnişinin daşınmasının maya dəyəri, onun məsrəf elementləri, səhmdar cəmiyyətlərinin gəlirləri və xərcləri barədə məlumatlar ictimaiyyət üçün açıqlanmalıdır.

VHP tələb edir ki, metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımının neqativ təsirlərini neytrallaşdırmaq üçün hökumət təcili aztəminatlı və ictimai nəqliyyatdan müntəzəm olaraq istifadə edənlərin xərclərinin tənzimlənməsi üçün qərarlar qəbul etməli, xüsusilə tələbə və təqaüdçülər üçün ictimai nəqliyyatda güzəştli kartlar hazırlanmalıdır.

Göstərilən addımlar atılanadək qiymət artımı ilə bağlı son qərar qüvvəyə minməməlidir.”

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa