VHP sosial şəbəkələrdəki iddialara CAVAB VERDİ
Xəbər verdiyimiz kimi, son günlər sosial şəbəkələrdə və bəzi media qurumlarında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) rəhbərliyinə qarşı bir sıra iddialar irəli sürülüb. Sözügedən məsələ ilə bağlı partiyanın mətbuat xidməti rəsmi açıqlama yayıb.
Yenicag.az xəbər verir ki, partiyadan “İnterpress.az”-a daxil olan açıqlamada deyilir:
“Son günlər sosial şəbəkələrdə və bir sıra mətbuat orqanlarında Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyi və millət vəkilləri spekulyativ şəkildə hədəf alınır. Azərbaycanın ilk partiyalarından biri və az qala dövlət müstəqilliyimizlə yaşıd olan VHP həmişə milli-mənəvi dəyərləri, xalqımızın əxlaqi keyfiyyətlərini qoruması, insan şəxsiyyətinə sayğısıyla fərqlənib. Şəxsi həyata müdaxiləni yolverilməz saydığımız kimi milli mental dəyərlərin qorunmasını və xüsusilə ictimai sferada olan şəxslərin buna əməl etməsini vacib saymışıq.
Eyni zamanda partiyamızın və millət vəkilimiz Tənzilə Rüstəmxanlının keçdiyi mübarizə yolu atılan böhranlara haqq qazandırmır. Onun hər zaman medianı müdafiə etməsi və mətbuata dəstək göstərməsi hansısa jurnalistin pis əməlinin ona qarşı yönəldilməsinə əsas vermir. Biz şəffaf fəaliyyət göstərir və mübarizəmizi də açıq şəkildə etmişik və edirik. Bu səbəbdən də, həm mətbuat nümayəndələrini, həm də sosial şəbəkə istifadəçilərini bir daha məsələlərə münasibət bildirərkən diqqətli və obyektiv olmağa çağırırıq”.