Reklam: High Technic
hightechnic

“Virtual anarxist” eksperimenti haqqında düşüncələr - Əliməmməd Nuriyev yazır

Yenicag.az “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin “Facebook”da yerləşdirdiyi əxlaqazidd mübarizə üsullarının yolverilməzliyinə dair yazısını təqdim edir.

Fərdə, yaxud cəmiyyətə birbaşa ziyan gətirən, yaxud onlar üçün özündə birbaşa ziyan təhlükəsi daşıyan hər şey fərdi azadlıqlar dairəsindən çıxarılmalı mənəviyyat və ya qanun dairəsinə aid edilməlidir”. Son vaxtlar Avropa liberalizminin paytaxtlarından səslənən küfr, söyüş və təhqirlərə qulaq kəsilərkən elə liberalizmin atalarından hesab edilən Con Stüart Milin bu sözlərini xatırlamaya bilmirəm. C. Mill hələ 1859-cu ildə özünün liberalların ayəsinə çevrilən “Azadlıq haqqında” essesində bu barədə yazırdı.

Avropaya sığınan özünü siyasi mühacir adlandıran bir qrup şəxsin Azərbaycanda dövlət başçısına, siyasi rəhbərlikdə təmsil olunan şəxslərə, ayri-ayrı siyasətçilərə, jurnalistlərə, ictimai fəallara və onların ailə üzvlərinin ünvanına səsləndirdikləri hədyanlara müxtəlif bəhanələrlə, yaxud susmaqla haqq qazandırmağa çalışanlara onların vəsf etdikləri liberalizm bütlərindən Milin bu fikirlərini bir daha oxumağı tövsiyə edirik. Doğrudanmı hələ özünü tanımayan, yaxud özünü tapmayan, bəlkə də Avropanın “ifrat azadlığı”nda özünü itirən iki cüt-bir tək növcavanın və uğursuz “hüquq müdafiəçi”sinin təhqirlərinə dözməliyik?

Sual ritorikdir və özünü tanımayan bu cavanlara Azərbaycan cəmiyyətinin ən azı düşünən hissəsinin onlar haqqında fikirlərini öyrənmək imkanı verməliyik. Azərbaycan cəmiyyəti, az-çox normal mühakimə qabiliyyətinə malik insanlar bu şəxslərin şəxsiyyəti, baxışları, dəyərləri haqqında elə onların işlətdiyi sözlər, ifadələr kontekstində fikir yürüdürlər. Unitazı tribuna, tualeti dəyimi masa zalı, klounluğu, təlxəkliyi, vulqarlığı, siyasi natiqlik, ekran, displey, kamera qarşısında söyüş söyməyi cəsurluq bilənlərə başqa necə qiymət vermək olar?

İlk vaxtlar Avropada belə, özünü hələ tapa bilməyən növcavanlar və ağılsızlığı nə yaşı, nə də başı ilə ölçülə bilməyən uğursuz “hüquq-müdafiəçisi”nin çıxışlarına ən müxtəlif səbəblərdən yarana biləcək hirsin-hikkənin görsənişi, subyektiv qəzəbin innovativ ifadə forması kimi baxmaq olardı. Hətta dözmək, başa düşmək, bağışlamaq da olardı. Amma proseslərin sonrakı inkişafı göstərdi ki, ilk vaxtlar bir neçə gəncin ekstravaqant etiraz manerası təsiri bağışlayan bütün hərəkət və əməllər bütövlükdə Azərbaycana, milli dəyər və əxlaq normalarına qarşı çox dəqiqliklə düşünülmüş, addım-addım planlaşdırılan, pedantcasına həyata keçirilən “səlib yürüşüdür”. Məqsəd özlərinin ifadə etdiyi kimi guya “Azərbaycanda inqilab etmək”, yaxud “inqilabi situasiya yaratmaq”dır.

Bu “səlib yürüşü”nün sponsor və təşkilatçıları üçün dahi Makiavellidən sonra müzakirə olunan “məqsəd vasitəyə haqq qazandırmalıdırmı?” – dilemmasının cavabı aydındır. Onlar icraçılar üçün yalnız bir “qızıl qayda” qoyublar: “Müqəddəs heç nə yoxudur”. İcraçıların bütün dəsti-xətti məhz bu prinsipə söykənir. Siyasi mübarizə üsulları, siyasi mədəniyyət, siyasət və əxlaq, siyasi satiranın siyasi mübarizədə rolu ilə bağlı hər hansı mükalimə və müzakirənin tamamilə rədd edilməsi, buna cəhd edənləri birbaşa nişan almaqla söymək də bu tapşırıqdan irəli gəlir. Bu icraçılar bəlkə də özləri də fərqinə varıblar ki, onlardan zombi kimi istifadə olunur və yaxud hansısa qüvvələrin “universal virtual əsgər”, “virtual anarxist” yetişdirilməsi eksperimentinin qurbanıdırlar.

Ola bilsin ki, özləri üçün artıq çıxış yolu görmürlər, ona görə tarana gedir, kamikadzelik edirlər. Çünki bəlkə də anlayıblar ki, “şeytanla müqavilə əbədi bağlanır”, xüsusən “yaşıl şeytanla müqavilə” pozula bilməz. Bəlkə də çıxış yolu axtarmırlar… Zombi olmaq elə onların öz seçimidir?

Müasir informasiya-kommunikasiya texnologiyaları XIX əsr anarxizm, inqilabi terrorizm ideyalarının virtual məkanda hədəf ölkələrə, hökumət və siyasi liderlərə qarşı innovativ üsullarla tətbiqinə imkan yaradıb. Bizim bu Avropa paytaxtlarının tualet və zibilliklərində eşələnməklə, siyasi mübarizə apardığını elan edən başıbəlalı, özünü tanımayanlar bilməzlər, amma onların sponsorları və rejissorları çox yaxşı bilir.

1869-cu ildə Cenevrədə Neçayevin “İnqilabçının katexisizi” adlı əsəri çap olunur. Əsərdə inqilabçının rəhbər tutmalı olduğu prinsiplər və baxışlar yer alıb. IV bənddə qeyd olunur ki, “O, (inqilabçı) ictimai rəyə nifrət edir. İndiki ictimai əxlaqın bütün təzahür formalarına nifrətlə yanaşır. Ona mane olan hər şey əxlaqa ziddir və cinayətdir”.

Bu özünü tapmayan şəxslər bilsinlər ki, onlar hələ 149 il əvvəl dərc olunan rəhbərliyə əsasən idarə olunurlar. Onlardan milli əxlaqımızı, dəyərlər sistemimizi, biz sözlərlə bizi-biz olunan dəyərlərimizi sarsıtmaq, dağıtmaq, milli təhlükəsizliyimizə təhdidlər yaratmaq üçün “Katexisiz”də qeyd edilən kimi istifadə olunur. Onu da qeyd edək ki, az sonra Neçayevin və digər “inqilabi makiavelliçilər”-in yazdığı bu qaydaları bolşeviklər əsas götürdülər. Onların inqilabı isə bütün bəşəriyyət, ayrıca bizim xalqımız üçün çox dəhşətlər gətirdi. Bolşevik inqilabının sponsorlarından biri isə Almaniyanın o zamankı hakim dairələri idi…

Siyasi satira tənqidi təfəkkürün formalaşmasında spesifik rol oynayaraq, ictimai-siyasi proseslərin obyektiv dərk olunasına böyük töhfə verir. Bu baxımdan siyasi satira obraz və simvollar vasitəsilə tənqidi mühakimələrin daha geniş kütlələrə çatdırılmasını təmin edir. Bu, müasir siyasi mübarizə praktikasında da geniş yayılıb və effektiv istifadə olunur. Amma siyasi satira Qərb ölkələrinin praktikasında heç vaxt siyasətçilərə münasibətdə şərəf və ləyaqətin alçaldılması üsulu kimi istifadə olunmur, oluna da bilməz. Siyasətçilərin siyasi kimliyi tənqid olunur. Bu başıbəlalı “zombiboy”ların istinad etdiyi Qərb siyasi satira praktikası məhz siyasi kimliyin tənqid olunmasına köklənir. Bunların əsası hələ Qədim Yunanıstan siyasi praktikasına gedən, Böyük Fransa İnqilabında cilalanan siyasi satiranın böyük irsindən öyrəndikləri isə unitaz və zibillikdə eşələnmək olub.

Təəssüf… min təəssüf ki, Volterin, Hötenin, Hegelin vətəni olan ölkələrdən belə küfrlər səslənir və Azərbaycan dövləti, onun atributları, milli əxlaq dəyərlərimiz hədəfə alınır. Min təəssüf ki, liberal, demokratik Avropa ölkələrinin paytaxtlarında buna dözümlü yanaşırlar. Görən bu təmkin doğrudanmı söz və fikir azadlığına hörmətdən qaynaqlanır? Görəsən, Yunanıstanda iqtisadi böhran baş verdiyi zamanlarda, 3-4 il əvvəl Almaniya siyasi rəhbərliyinin ünvanına azərbaycanlı mühacirlərin söyüşlərinin heç yüzdə biri qədər olmayan tənqidlər və satirik fikirlər səslənəndə rəsmi Berlin bütün Avropanı niyə silkələyirdi və Afina hədələnirdi? Bu sual da ritorikdir və sadəcə, Avropa ölkələri də dəfələrlə sübut ediblər ki, Makiavellinin fikirlərini çox yaxşı mənimsəyiblər. C. Millin ifadə azadlığı barədə dediklərini isə xüsusən son zamanlar fərqli interpretasiya edirlər. Azərbaycan da, bizlər də gərək bunu nəzərə alaq…

www.yenicag.az

1145