Zəngəzur dəhlizi və Ağrı dağı MƏSƏLƏSİ: Ermənistan konstitusiyasında gizlənən TƏHLÜKƏLİ XƏTLƏR
“2026-cı il seçkiləri yaxınlaşdıqca, Ermənistan hökuməti bu prosesləri daxili siyasi məqsədləri üçün istifadə etməyə çalışa bilər”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O, Ermənistan və Azərbaycan arasında sülh prosesi istiqamətində hazırkı proseslərdən danışarkən bildirib ki, İrəvan və Bakı arasında imzalanması nəzərdə tutulan sülh sazişi mətni artıq hazırdır:
“Lakin bu sazişin reallaşması üçün Ermənistanın yerinə yetirməli olduğu bəzi vacib məsələlər mövcuddur. İlk növbədə, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir. Bunun üçün isə öz Konstitusiyasında dəyişiklik etməlidir. Eyni zamanda, Qarabağ məsələsinin həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun da ləğvi ilə bağlı qərar almalıdır. Əgər bu məsələlər öz həllini tapmasa, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının olmadığını demək mümkün deyil və belə olan halda sülh sazişinin də mənası qalmaz”.
Onun sözlərinə görə, bu, Ermənistanın yerinə yetirməli olduğu əsas şərtlərdən biridir:
“Həmçinin Zəngəzur dəhlizinin açılması və bu istiqamətdə kommunikasiya xətlərinin bərpası ilə bağlı işlər də davam edir. Artıq üçüncü layihə üzərində iş aparılır və bu məqsədlə xüsusi komissiyalar yaradılıb. Ümid edirik ki, Zəngəzur dəhlizinin açılması və Ermənistanın Azərbaycanın dəmir yollarından istifadə etməsi məsələsi də öz həllini tapacaq. Bütün kommunikasiya yollarının açılması vacibdir. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün Ermənistan öz Konstitusiyasında yer alan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından tam şəkildə imtina etməlidir. Bu məsələ birbaşa olaraq Türkiyə ilə sərhədlərin açılması məsələsinə də təsir edir. Ermənistanın Türkiyəyə qarşı, xüsusilə də Ağrı dağı və Şərqi Anadolu bölgəsinə dair ərazi iddiaları hələ də Konstitusiyada mövcuddur. Bu məsələ açıq şəkildə gündəmə gətirilməsə də, həm Türkiyə, həm də Azərbaycan tərəfindən ciddi şəkildə izlənilir. Erməni radikal dairələri, o cümlədən daşnaklar bu iddiaları yenidən gündəmə gətirməyə çalışırlar”.
Millət vəkili əmindir ki, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasının əsas səbəblərindən biri də məhz Ermənistanla Azərbaycan arasında tam normallaşmanın baş tutmamasıdır:
“Eyni zamanda, Azərbaycan da bu proseslər fonunda Ermənistanın Türkiyəyə qarşı iddialarını nəzərə alaraq, ehtiyatlı davranır. Əgər bu məsələlər tam şəkildə həll olunarsa və Ermənistan qonşularına qarşı iddialarından əl çəkərsə, o zaman regionda əməkdaşlıq və inkişaf imkanları daha da artacaq. 2026-cı il seçkiləri yaxınlaşdıqca, Ermənistan hökuməti bu prosesləri daxili siyasi məqsədləri üçün istifadə etməyə çalışa bilər. Lakin obyektiv yanaşsaq, Ermənistan üçün ən düzgün seçim Azərbaycanla sərhədlərin tanınması və uzunmüddətli əməkdaşlıqdır. Çünki Azərbaycanın iştirakı olmadan regionda heç bir layihənin reallaşması mümkün deyil. Azərbaycan regionun ən güclü dövlətidir və bu reallıq nəzərə alınmalıdır. Ermənistan regional və beynəlxalq əməkdaşlıqda iştirak etmək istəyirsə, Azərbaycan və Türkiyə ilə tam əməkdaşlığa hazır olmalı və bütün ərazi iddialarından rəsmi şəkildə imtina etməlidir. Əks halda, bölgədə davamlı sülh və inkişaf mümkün olmayacaq”.
Nəsimi Ələsgərli