“Dövlət məmurları ilə YAP deputatlarının sosial şəbəkələrə məcburi gəlişi informasiya müstəvisində məğlubiyyətin etirafıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında bir sıra dövlət məmurları ilə hakim partiyadan olan deputatların sosial şəbəkələrə üz tutmalarının siyasi rəqabətə təsirini dəyərləndirən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.
Əli Əliyevin sözlərinə görə, sosial şəbəkələr sıravi siyasətçilərdən tutmuş dünya liderlərinə qədər əksəriyyətin cəmiyyətlə əlaqə saxladığı çox vacib platformadır:
“Twitter”, “Facebook”, “Telegram” və başqa sosial şəbəkələr artıq dövlət başçılarının də informasiya paylaşdıqları məkana çevrilib. Lakin Yeni Azərbaycan Partiyasının rəhbərliyindəki əksər fiqurlar yaxın müddətə qədər sosial şəbəkədən istifadəni özlərinə aşağılıq bilirdilər.
Onlar cəmiyyətlə bu cür təmas qurulmasını məqsədəuyğun saymırdılar, ictimai rəylə hesablaşmaq istəmirdilər. Düşünürdülər ki, nəzarətdə saxladıqları mətbuatda nə deyirlərsə, xalq da onu qəbul edəcək. İndi isə onların sosial şəbəkələrə üz tutmaları xalqdan asılı olduqlarını nəhayət, anladıqlarını göstərir.
Texnologiyanın inkişafı, “smartfon”ların yaranması, internet televiziyalarının ortaya çıxması hakimiyyəti olduqca çətin vəziyyətə salıb. Bu tendensiya, yəni məmurların və YAP deputatlarının sosial şəbəkə istifadəçisinə çevrilmələri onların informasiya müstəvisində məğlubiyyətlərinin etirafıdır.
Özləri də bu hərəkətləriylə yanlış yolda olduqlarını təsdiq edirlər və düzəlməyə çalışdıqlarını göstərmək istəyirlər. Amma bu cəhdlər bir nəticə verməyəcək. Çünki xalq artıq alternativ informasiya resurslarından məlumat almaq imkanına malikdir və nəyin nə, kimin kim olduğunu ayırd edir”.
Firuz Asanov
www.yenicag.az